DogruXeber.az AMEA-nın Tarix və Etnologiya İnstitutu ilə əlaqədar dərc olunmuş xəbərlə əlaqədar təkzib dərc edib.

Heftelik.az-ın məlumatına görə, DogruXeber.az bildirir ki, 12.03.2025-ci il tarixində agentliyin elektron poçt ünvanına AMEA-nın Tarix və Etnologiya İnstitutu tərəfindən məktub daxil olub.

Həmin məktubda institutun barəsində gedən “AMEA Tarix və Etnologiya İnstitutunda qalmaqal: Elmi mühit intriqalar və təzyiqlərlə sarsılır” adlı yazının həqiqəti əks etdirmədiyi və məsələ ilə bağlı məhkəməyə müraciət olunacağı qeyd olunub:

”Sözügedən məktub barəsində agentliyin məsul əməkdaşı rəhbərliyə məlumat verdikdə, agentliyin direktoru Kamal Əsgərov məsələnin dərhal araşdırılması tapşırığını verib.

Araşdırma aparılan zaman məlum olub ki, agentliyin könüllü əməkdaşı olan adminlərdən biri şəxsi əlaqələrinin olduğu institut çalışanlarından birinin ona göndərdiyi yazını rəsmi araşdırma aparmadan və rəhbərlikdən xəbərsiz saytda dərc edib.

Məsələ aydın olduqda, həmin könüllü əməkdaş işdən uzaqlaşdırılıb, dərc olunan məlumatlara cavabdeh şəxs olan redaktora töhmət verilib, yazı isə dərhal saytdan qaldırılıb. Bundan sonra agentliyin rəhbəri institutun direktoru Kərim Şükürov ilə telefon əlaqəsi saxlayıb, məsələnin necə baş verdiyini izah edib və yaranmış problemə görə üzrxahlığımızı qəbul etməsini xahiş edib. Hörmətli direktor Kərim Şükürov mövcud durumu anlayışla qarşılayıb. Kərim müəllimə məsələyə bu cür humanist yanaşmasına görə dərin təşəkkür edirik və bildiririk ki, bundan sonra Tarix və Etnologiya İnstitutunda media dəstəyinə zərurət yarandığı halda tərəfimizdən lazımi dəstək göstəriləcək”.

 

https://dogruxeber.az/2025/03/14/amea-tarix-v-etnologiya-nstitutunda-qalmaqal-elmi-mhit-ntriqalar-v-tzyiqlrl-sarslr-tkzb.html