Bu ilin yanvar-fevral aylarında aparılan araşdırmalara görə, əhalinin dərman preparatlarına olan tələbatı ötən illərə nisbətən artıb.
“Heftelik.az” “Xəzər Xəbər”ə istinadən məlumat verir ki, Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu ilin yanvar-fevral aylarında dərman vasitlərinə olan tələbat ötən ilin bu aylarında olandan 11.5 % artıb. Belə ki, aparılan araşdırmalar nəticəsində məlum olub ki, cari ilin ilk aylarında ölkə ərazisində 230 milyon manatlıq dərman və digər tibbi ləvazimatlar satılıb.
Bəs, alınan bu dərman vasitələri ən çox hansı xəstəliklər üçün istifadı olunur?
Sorğu zamanı sakinlər aldıqları dərman preparatlarını əsasən soyuqdəymə, təzyiq, diz və oynaq ağrılar və s. kimi xəstəliklər, bundan əlavə uşaqlarda yaranan müxtəlif xəstəliklər üçün istifadə etdiklərini bildirirlər.
Onlar həmçinin bildiriblər ki, dərman vasitələrinin kifayət qədər baha olması onlara lazım olan hər dərmanın almasında çətinliklər yaradır.
Əczaçıların sözlərinə görə, bu ilin qış ayları kifayət qədər soyuq və dəyişkən keçdiyi üçün soyuqdəymə və bu qəbildən olan xəstəliklər artıb. Müraciətlər və alınan dərman vasitələrinin əksəriyyəti bu səbəbdən olub.
Tibbi məsələlər üzrə ekspert Adil Qeybulla isə bildirib ki, dərman vasitələrinə olan tələbatın artmasına səbəb olan əsas məsələlərdən biri də hazırda bir çox əməliyyat olunan xəstələrə həkimlər tərəfində uzunmüddətli istifadə üçün dərman vasitələri yazması olur. Həmçinin qışdan yaza doğru keçid zamanı əhalinin müxtəlif vitamin komplekslərindən istifadə etməsi dərman preparatlarına olan mövcud tələbatı artırır.
Müəllif: Türkan_zadə