İllərdir adı ilə dillər əzbəri olan məşhur “Gəncə səbəti” necə hazırlanır və əsasını hansı ərzaqlar təşkil edir?

“Heftelik.az” “Xəzər Xəbər”ə istinadən məlumat verir ki, əsasən bayramlarda, xüsusi ilə isə Novruz bayramında tələbatı artan bu ənənənə bir çox dadlı və ləzətli məhsullardan ibarət olub xüsusi formada təqdim olunur.

“Gəncə səbəti” nin özəlliyi ondan ibarətdir ki, burada yığılan azuqənin böyük hissəsi Gəncə və ətraf  bölgələrin məhsulları olur. Səbətin içərisində ənənəvi olaraq Gəncə qaymağı, pendir, nehrə yağı, müxtəlif çeşiddə turşular, müxtəlif növ göyərtilər, Gəncə dovğası, müxtəlif növ əla sort meyvələr, Gəncə limonu, şirniyyatlardan Gəncə paxlavası, şəkərbura, Gəncə kətəsi kimi spesifik məhsullar olur.

Bundan başqa, istəyə uyğun olaraq bütöv qoyun, çolpa, qaz, ördək kimi quş ətlərini də səbətə əlavə etmək olar.

“Gəncə səbəti” nin əsas özəlliklərindən biri isə bu bağlamanın xüsusi tərzdə, hər bir detalına ayrı-ayrılıqda fikir verilməsidir. Hansı ərzaq səbətin hansı hissəsində yer alması xüsusi önəm daşıyan məsələlərdən biridir.

O ki qaldı “Gəncə səbəti” nin ümumi qiymətinə satıcıların sözlərinə görə, içindəki ərzaqların müxtəlifliyindən asılı olaraq səbətin qiyməti də dəyişir. Normal, orta ölçülü “Gəncə səbəti” nin qiyməti 500 manat təşkil edir. İçinə əlavə olunan bahalı və çox çeşidli ərzaqların olması bu bağlamanın 3000 manata kimi qiymətini artıra bilər.

Müəllif: Türkan_zadə