Türkiyənin xarici işlər naziri Hakan Fidan Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb.

Heftelik.az-ın “Haber Global”-a istinadən verdiyi məlumata görə, görüş əsnasında Azərbaycan və Ermənistan arasında sülh prosesi müzakirə olunub.

Təmaslar zamanı hər iki tərəfin müdafiə sənayesi sahəsində əməkdaşlığa maneələrin aradan qaldırılması üçün siyasi iradəsini açıq şəkildə nümayiş etdirdiyi və mövcud problemlərin həlli üçün texniki görüşlərin keçiriləcəyi bildirilib.

Tərəflər Suriya administrasiyası ilə əlaqənin vacibliyini vurğulayıblar. Suriyada sabitliyin təmin edilməsi və terrorla mübarizədə qətiyyət ifadə edilib.

Qəzzada daimi atəşkəsin yaradılmasının vacibliyi və bu məsələnin regional sülh üçün zəruri olduğu vurğulanıb.

Rusiya və Ukrayna arasında atəşkəsə nail olmaq səyləri müzakirə edilib. ABŞ-ın bununla bağlı səylərinin dəstəkləndiyi bildirilib.

Qarşıdakı dövrdə dövlət başçısı səviyyəsində həyata keçiriləcək səfərlərlə bağlı işlər müzakirə edilib.

Bosniya və Herseqovinanın sabitliyinin Balkanlar üçün böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus isə yazılı açıqlamasında bildirib ki, dövlət katibi Türkiyədən Ukraynada və Cənubi Qafqazda sülhü dəstəkləməyi xahiş edib. Marko Rubio həmçinin beynəlxalq terrorizm üçün baza və ya İranın sabitliyi pozan hərəkətləri üçün platforma olmayacaq sabit, vahid və sülhsevər Suriyanı dəstəkləmək üçün sıx əməkdaşlığın zəruriliyini vurğulayıb.