Bu gün “Melissa Group” tikinti şirkətinin Bakı şəhəri, Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında yaşayış olan evləri sökməsini əks etdirən görüntülər yayılıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində aparılan söküntü işləri ilə əlaqədar 27 mart 2025-ci il tarixində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib.
Aparılan işlər vətəndaşlarla tam razılıq əldə edilmədən və mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən aidiyyəti qurumlarla birlikdə dayandırılıb və aktlaşdırılıb. Qanunsuz işlər zamanı vətəndaşların mülklərinə dəymiş ziyanla bağlı müvafiq araşdırma aparılması üçün materiallar Baş İdarə tərəfindən hüquq-mühafizə orqanlarına təqdim ediləcək.
DİN-in Mətbuat xidmətindən bildirilib ki, Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində söküntü işləri aparan tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb.
Qadının evini başına uçuran “xeyriyyəçi”
Qeyd edək ki, “Melissa Group” tikinti şirkətinin sahibi əslən Masallı rayonundan olan, özünü xeyriyyəçi kimi təqdim edən Qalib Məmmədovdur.
1978-ci ildə Ərkivan kənd orta məktəbini bitirən Qalib Məmmədov Politexnik İnstitutunun “Avtomobil yollarının istismarı və təşkili” fakultəsində təhsil alıb. İnstitutu bitirəndən sonra o, Naxçıvana təyinat alıb.
Bir müddət Avtomobil Nəqliyyat Kontorunun 4 saylı istismar sahəsində çalışır, daha sonra Avtomobil Nəqliyyat Kontorunun rəisi vəzifəsinə təyinat alıb. Q.Məmmədov bu vəzifəni bir müddət icra edəndən sonra Avtomobil Nəqliyyatı Nazirliyinin Yol Fondunun sədri vəzifəsinə təyin olunub. Azərbaycan müstəqillik əldə edəndən sonra dövlət işindən uzaqlaşıb və öz şəxsi biznesini qurub.
Qalib Məmmədovun həm də “Performance Center” şirkətinin prezidenti olduğu bildirilir. Şirkət 1997-ci ildən “General Motors” korporasiyasının “Chevrolet” və “Cadillac” brendlərinin Azərbaycandakı yeganə rəsmi dilleridir. Həmin ildən başlayaraq “Performance Center” “General Motors” korporasiyasının Şimali Amerika, 2004-cü ildən Rusiya, 2005-ci ildən isə Koreya istehsalı olan “Chevrolet” avtomobillərinin Azərbaycanda rəsmi dileridir. Hazırda “Performance Center” şirkətinin avtomobillərin satışı və texniki xidməti üzrə üç diler mərkəzi fəaliyyət göstərir ki, onlardan ikisi – “Performance Center” və “Babək” – Bakı şəhərində, digəri – “İdeal Motors” isə Gəncə şəhərində müştərilərin xidmətindədir.
Qalib Məmmədov eyni zamanda Bakıda “Halal” MTK, “General” MTK, “Yüksəl” MTK, “ASP” MTK kimi bir çox yaşayış kompleksləri və tikinti layihələrini həyata keçirən, hazırda isə “Melissa Park”, “Melissa Residence”, “Melissa Azadlıq” layihələrini icra edən “Melissa Group” şirkətlərinin sahibidir. “Collezione Italia” şirkətinin də ona məxsus olduğu bildirilir.
Qalib Məmmədovun çoxsahəli biznes sahəsinə paytaxtın məşhur “Grace Beauty Complex” gözəllik salonları şəbəkəsi, “Konica” foto studiyalar, elektrik və elektronik məhsulların satışı, çörək zavodları daxildir. Onun doğma Ərkivan qəsəbəsində də biznes sahələri var. Bunlara “ARK” yanacaqdoldurma məntəqəsi, avtoservis, elektrik və elektronik məhsulların satışı mağazası, çörək zavodu və s.-in daxil olduğu bildirilir.
Sözsüz ki, vətəndaşın evini başına uçurmaq bir iş icraçısı və ekskavator sürücüsünin cəsarəti “çərçivəsi”ndə deyil. “Melissa Group”-un sahibi cinayət məsuliyyətinə cəlb olunacaqmı?…