Bakıda tikinti şirkətinin yaşayış olan evləri sökməsini əks etdirən görüntülər yayılıb.

Heftelik.az-ın məlumatına görə, “Melissa Group” tikinti şirkəti Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında söküntü işləri aparır və bu gün söküntü zamanı daxilində yaşayış olan evlər də ekskavator vasitəsilə dağıdılıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində aparılan söküntü işləri ilə əlaqədar 27 mart 2025-ci il tarixində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib.

Aparılan işlər vətəndaşlarla tam razılıq əldə edilmədən və mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən aidiyyəti qurumlarla birlikdə dayandırılıb və aktlaşdırılıb.

Qeyd edilib ki, qanunsuz işlər zamanı vətəndaşların mülklərinə dəymiş ziyanla bağlı müvafiq araşdırma aparılması üçün materiallar Baş İdarə tərəfindən hüquq-mühafizə orqanlarına təqdim ediləcək.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində söküntü işləri aparan tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb.

Araşdırma aparılır.

Həmin görüntüləri təqdim edirik: