ABŞ idxalla əlaqədar yeni gömrük rüsumlarının açıqlayıb.
Heftelik.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.
ABŞ Çindən idxala 34%, Avropa İttifaqına isə 20% həcmində gömrük rüsumları tətbiq edəcək. Bundan əlavə, oxşar tədbirlər Vyetnam (46%), Hindistan (26%), İndoneziya (32%), Kamboca (49%), Malayziya (24%), Koreya Respublikası (25%), Tayland (36%), Tayvan (32%), İsveçrə (31%), Yaponiya (24%) və digər ölkələrə də təsir edəcək.
Eyni zamanda ABŞ administrasiyası aprelin 3-dən idxal edilən bütün avtomobillərə 25% rüsum, Ukraynadan idxala 10% həcmində cavab gömrük rüsumları tətbiq edəcək.Qeyd olunub ki, 25 faiz rüsum yerli vaxtla aprelin 2-si gecə yarısından (Bakı vaxtilə 3 aprel, saat 08:00) etibarən qüvvəyə minəcək.
Birləşmiş Ştatlara idxal olunan bütün məhsullara azı 10 faiz rüsum tətbiq ediləcəyini açıqlayan Tramp ABŞ ilə ticarət kəsiri ən yüksək olan ölkələrə tətbiq ediləcək rüsumun daha çox olacağını bildirib:
“Kanada, Meksika və bir çox başqa ölkələrin kəsirlərini ödəyə bilmirik. Biz bunu əvvəllər etmişdik, amma artıq ödəyə bilmirik. Biz bütün dünya ölkələrinin qayğısına qalırıq. Biz onların hərbi xərclərini ödəyirik. Onların ödəməli olduğu hər şeyin əvəzini ödəyirik. Şimali Amerika Azad Ticarət Sazişi (NAFTA) indiyə qədər müzakirə edilən ən pis razılaşma idi.Sazişin qüvvəyə mindiyi vaxtdan bəri ABŞ 90 minə yaxın müəssisəsini itirib”.
Qeyd edək ki, ABŞ-ın yeni qərarı ticarət savaşına start verilməsi kimi qiymətləndirilir. Avropa İttifaqı və Çin, o cümlədən digər ölkələrin də ABŞ-dan idxal olunan mallara yüksək gömrük rüsumları tətbiq edəcəyi gözlənilir.