Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb liseyin IX və X sinfində oxuyan 2 şagirdlə həmin məktəbin müəllimi arasında tənəffüsdə mübahisə yaranıb.
Heftelik.az-ın xəbərinə görə, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.
Məlumata görə, dəhlizdə şagirdlərin uyğunsuz davranışlarına görə müəllimin onlara irad bildirməsi səbəbindən şagirdlər müəllimə fiziki təzyiq göstəriblər: “Məktəb rəhbərliyi tərəfindən məsələyə dərhal müdaxilə edilib. Şagirdlərin valideynləri məktəbə dəvət olunub, məktəb psixoloqu tərəfindən onlarla söhbət aparılıb, təhsil müəssisənin intizam qaydalarına əməl edilməsinin vacibliyi bir daha diqqətə çatdırılıb. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır”.
Heftelik.az-ın məlumatına görə, DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov ya bildirib ki, məsələ ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır. Müvafiq ekspertiza təyin olunub. Ekspertiza rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.