Tovuzda məktəbdə zəhərlənmə hadisəsi baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Düz Cırdaxan kənd tam orta məktəbində qeydə alınıb.

Məktəbin 5 şagirdi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, məktəblilər sinif otağında sobadan ayrılan tüstüdən zəhərləniblər.

Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib ki, aprelin 11-də Tovuz rayonu Rafael İsmayılov adına Düz Cırdaxan kənd tam orta ümumtəhsil məktəbinin 7-ci sinfində təhsil alan 18 şagirddən 5-nin halı 2-ci dərs başlayan zaman pisləşib. Məktəbə təcili tibbi yardım çağırılıb və şagirdlər xəstəxanaya aparılıb.

Qeyd edilib ki, onların səhhəti regional təhsil idarəsi və məktəb rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanılır. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.