Azərbaycanın daha bir yunan-Roma güləşçisi Həsrət Cəfərov Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Heftelik.az-ın Report-a isatinadən verdiyi məlumata görə, 67 kq çəki dərəcəsində yarışan idmançı finalda bolqarıstanlı Əbu Müslim Amayevi məğlub edib.
Rəqibini 7:1 hesabı ilə üstələyən H.Cəfərov 3-cü dəfə Avropa çempionu adını qazanıb.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Nihat Məmmədli (60 kq) qızıl, Eldəniz Əzizli (57 kq) gümüş, İslam Abbasov (87 kq) bürünc medal qazanıb. Azərbaycanın sərbəst güləş millisi komanda hesabında Avropa çempionu olub. Qadınlardan isə Jalə Əliyeva (57 kq) bürünc mükafat əldə edib.
Sərbəst güləşçilər isə 1 qızıl, 1 gümüş və 4 bürünc mükafata sahib çıxıblar. Giorgi Meşvildişvili (125 kq) Avropa çempionu olub, Osman Nurməhəmmədov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc medala sahib çıxıblar.