Relsdən çıxmaya nəzarət qurğusunun işə düşməsi və giriş işıqforunun icazəverici göstəricidən qadağanedici göstəriciyə keçməsi barədə məlumat alan qatar dispetçeri dərhal radiorabitə vasitəsilə hərəkətdə olan qatarın maşinistini çağırmalı və dayandırılması üçün əmr verməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.

Maşinistə verilən əmr məzmunu belə olacaq: “Diqqət! Nömrəli qatarın maşinisti. Sizin qatarın hərəkəti zamanı relsdən çıxmaya nəzarət qurğusu işə düşmüşdür! Dərhal dayanın.”

Bu əmri alaraq maşinist dərhal hərəkəti dayandırmalı və təlimatları yerinə yetirməlidir.

Relsdən çıxmaya nəzarət qurğusu işə düşdükdə, ikiyollu və çoxyollu sahələrdə qonşu yola qarşıdan və ya eyni istiqamətli qatarların göndərilməsinə yol verilməməlidir.

Qatar dispetçeri, göndərilən qatarın maşinistini relsdən çıxmaya nəzarət qurğusunun işə düşməsi barədə radiorabitə ilə məlumatlandırmalıdır. Bu tədbirlər təhlükəsiz hərəkət və qatarların düzgün idarə edilməsini təmin etmək məqsədilə həyata keçirilir.