Ağsuda selin ekskavatoru aparması nəticəsində ölən şəxs sahə rəisi olub.
Heftelik.az xəbər verir ki, bununla bağlı “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Qeyd olunub ki, rayonun Kalva kəndində baş verən hadisədə daha üç nəfər xəsarət alıb.
Agentlikdən verilən məlumata görə, ölən və yaralananlar Muğanlı- İsmayıllı-Qəbələ yolu layihəsində iştirak edən podratçı şirkətin işçiləri olub.
Xatırladaq ki, işçilər yağışın başlamasını müşahidə edərək təhlükəsizlik məqsədilə ekskavatorun içərisinə yerləşiblər. Lakin bir qədər sonra çaya sel gəlib və güclü axının təsirindən ekskavator aşıb.
***
saat 14.21
Ağsuda sel ekskavatoru aşırıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Hadisə bu gün rayonun Kalva kəndi ərazisində qeydə alınıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, ilkin məlumatlara görə, ərazidə yol-təmir işləri ilə məşğul olan işçilər yağışın başlamasını müşahidə edərək təhlükəsizlik məqsədilə ekskavatorun içərisinə yerləşiblər.
Lakin bir qədər sonra çaya sel gəlib və güclü axının təsirindən ekskavator aşıb.
Hadisə nəticəsində ekskavatorun içində olan 4 nəfərdən biri hadisə yerindəcə həyatını itirib. Digər 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, çətin vəziyyətdə texnikanın içində köməksiz qalıb.
Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunublar. Yaralılar ekskavatorun içindən çıxarılaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına təxliyə ediliblər.
Hazırda hadisənin hansı şəraitdə və necə baş verdiyi araşdırılır. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.