Ötən gün Türkiyədə aktrisa Sevil Akdağın rəfiqəsi, sosial şəbəkə fenomeni Elif Kıravı qətlə yetirməsinin təfərrüatları məlum olub.
Heftelik.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, 32 yaşlı aktrisa 29 yaşlı rəfiqəsi ilə İstanbulda əyləncə məkanlarının birində spirtli içki qəbul edib.
Daha sonra aktrisa rəfiqəsinin Fatih rayonunda İskenderpaşa məhəlləsindəki evinə gəlib. Onlar evdə də spirtli içki qəbuluna davam ediblər və bir müddət sonra mübahisə etməyə başlayıblar. Sevil Akdağ mətbəxdən götürdüyü bıçaqla Elif Kırava çoxsaylı bıçaq zərbələri endirib, öz biləyini kəsib, daha sonra isə evdən qaçıb. Elif Kıravın anası Şükran Kırav qızı ilə əlaqə saxlaya bilmədiyi üçün yerli vaxtla saat 16.30-da qonşularına zəng açıb. Qonşuları qapısı açıq evdə Elif Kıravı qanlar içərisində aşkarlayıb.
Polis tərəfindən saxlanılan Sevil Akdağ içkili olduğunu, hadisəni xatırlamadığını bildirib.
Elif Kıravın anası Şükran Kırav isə Sevil Akdağın qızını çox qısqandığını, qazının hansı paltarı alırdısa, aktrisanın da həmin paltarı aldığını bildirib. O, Elif Kıravın başında, sinəsində, boynunda, ümumiyyətlə, bədənində bıçaq zərbəsi dəyməyən yerin qalmadığını, vəhşiliklə qətlə yetirildiyini söyləyib.
Elif Kıravın qardaşı Furkan Kırav isə aktrisanın bacısına 30 deyil, 53 bıçaq zərbəsi vurduğunu bildirib.
Qeyd edək ki, ifadəsi alınan Sevil Akdağ barədə məhkəmə həbs qərarı verib.