Kütləvi istehsalda olan yük, minik avtomobillərində və avtobuslarda (ban dəyişdirilmədən) xüsusi avadanlıqların quraşdırılmasına aydınlıq gətirilib.

Heftelik.az-ın məlumatına görə, bu, Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimatda əksini tapıb.

Bu halda yenidən quraşdırılmış avtomobillər aşağıdakı hərəkət təhlükəsizliyi tələblərinə cavab verməlidir:

– tam kütlə və onun körpülər üzrə paylanması avtomobilin əsas texniki xarakteristikasında nəzərdə tutulan hədlərdən yuxarı olmamalıdır;

– xüsusi avadanlıqlar dayanıqlı, etibarlı bərkidilməlidir;

– minik avtomobillərində xüsusi avadanlıqların iti, xəsarət yetirə biləcək çıxıntıları olmamalıdır;

– minik avtomobillərində xüsusi avadanlıqlar idarəetmə sisteminə yaxın yerdə quraşdırılmamalı və arxa pəncərəni örtməməlidir.