Qatarların dispetçer mərkəzləşməsi ilə təchiz edilmiş sahələrdə əsas siqnalizasiya və əlaqə vasitəsi avtomatik bloklama, müstəqil siqnalizasiya və əlaqə vasitəsi kimi ALS və ya qatarların tam tərkibdə qəbul edilməsinə avtomatik nəzarət edən yarımavtomatik bloklama tətbiq edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.
Bu sahələrdə stansiyaların işıqforları və yoldəyişənləri bilavasitə qatar dispetçeri tərəfindən idarə olunur. Dispetçer idarəetməsində olan stansiyaların giriş, marşrut və çıxış işıqforları qatarların stansiyadan dayanmadan keçidini təmin etmək üçün avtomatik fəaliyyətə keçirilə bilər. Qatarların hərəkətinə və manevr işinə dair sərəncamlar qatar dispetçeri tərəfindən telefon və ya radiorabitə vasitəsilə bilavasitə qatarın maşinistinə və ya bölmə məntəqəsində müvafiq əməliyyatları yerinə yetirən işçiyə verilir. Stansiyalar ehtiyat idarəetməyə keçdikdə, qatarların qəbulu və göndərilməsi, manevr işi, həmçinin siqnalların açılması və bağlanılması stansiya işçisi tərəfindən təmin edilir. Bu prosesdə qatar dispetçeri stansiya dəmir yollarında gərginliyin açılması ilə bağlı məlumatları da ötürür.