Yük avtomobillərinin şassilərinə emalatxana, poçt, sənaye malları, qida məhsulları, mebel və digər yüklər daşımaq üçün furqon banların quraşdırılmasına aydınlıq gətirilib.

Heftelik.az-ın məlumatına görə, bu, Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimatda əksini tapıb.

Yenidən quraşdırılmış furqon banlı avtomobillər hərəkət təhlükəsizliyinin aşağıdakı tələblərinə cavab verməlidir:

– banın eninə olan qabarit ölçüsü, tam kütlə və onun körpülər üzrə paylanması avtomobilin texniki xarakteristikasında nəzərdə tutulan hədlərdən yuxarı olmamalıdır;

– furqonun qapısı arxadan və yaxud sağdan qoyulmalıdır;

– emalatxananın avadanlıqları etibarlı bərkidilməlidir;

– furqonun bayır tərəfindən yan səthlərində xəsarət törədə biləcək iti çıxıntılar olmamalıdır;

– furqon banlı avtomobilin kabinasının yan tərəflərində arxanı göstərən standart güzgülər qoyulmalıdır.

Yük və avadanlıqla birgə sərnişin daşınması ( təmir briqadası, yük müşayiətçisi, yükləyici və s.) da nəzərdə tutulmuş furqon banlı yük-sərnişin tipli avtomobillərdə əlavə olaraq hərəkət təhlükəsizliyinin aşağıdakı tələbləri təmin etməlidir:

– hər adam üçün oturacaq qoyulmalıdır;

– furqonda quraşdırılmış avadanlıqların iti, xəsarət törədə biləcək çıxıntıları olmamalıdır;

– furqonda yükün yerdəyişməsinin qarşısının alınması təmin olunmalıdır;

– furqonun qapısı içəridən və bayırdan açılmalıdır;

– furqon ventilyasiya, işıq və sürücü kabinası ilə rabitə (siqnal, telefon, işıq və s.) ilə təchiz olunmalıdır.