Yük avtomobillərinin şassisinə sərnişin daşınması üçün nəzərdə tutulmuş furqon banların quraşdırılmasına aydınlıq gətirilib.
Heftelik.az-ın məlumatına görə, bu, Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimatda əksini tapıb.
Sərnişin daşınması üçün nəzərdə tutulmuş yenidən quraşdırılmış furqon banlı avtomobillər aşağıdakı əsas hərəkət təhlükəsizliyi tələblərinə cavab verməlidir:
– furqon banlı avtomobilin qabarit hündürlüyü 3,8 m-dən artıq olmamaqla, eninə qabariti istehsalçı zavodun nəzərdə tutduğu hədlərdə olmalıdır;
– tam kütlənin körpülər üzrə paylanması avtomobilin əsas xarakteristikasına uyğun olmalıdır;
– furqon ban çərçivəyə və ya yük avtomobilinin banına etibarlı bərkidilməlidir;
– banın hündürlüyü yalnız sərnişinlərin oturaq halda daşınmasını təmin etməlidir;
– furqonun qapısı arxasında olmaqla içəridən və bayırdan açılmalı, avtomobil tipli qıfılla, pilləkən və tutacaqla təmin edilməlidir;
– furqonun yan tərəflərində daxildən və xaricdən heç bir alətdən istifadə edilmədən ancaq xaricə açılan, qəza zamanı çıxmaq üçün 600×800 mm ölçüdə pəncərələri olmalıdır, furqon ventilyasiya, işıq, avtomobil qızdırıcısı, sürücü kabinası ilə iki tərəfli işıq və səs siqnalı, yanğınsöndürən və tibb apteçkası ilə təchiz edilməlidir.
Furqon banlı avtomobillər xarici işıq cihazlarla, o cümlədən furqonun yuxarısında qabaqdan ağ, arxadan qırmızı qabarit işıqlar ilə təmin edilməlidir.