Daimi və ya müvəqqəti coğrafi zonaların təyin edilməsi ilə bağlı meyarlar müəyyənləşib.

Heftelik.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Bu meyarlar pilotsuz uçuş aparatı sistemlərinin (PUAS) əməliyyatları zamanı dövlət təhlükəsizliyi, uçuşların təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və ətraf mühitin qorunması, o cümlədən dövlət, kommersiya, şəxsi və ailə həyatının sirri ilə bağlı yarana biləcək riskləri nəzərə alaraq həyata keçiriləcək əməliyyatlar üçün coğrafi zonaların təyin edilməsi ilə bağlı meyarları müəyyən edir və mülki PUAS istismarçılarına şamil edilir.

Risklər nəzərə alınaraq aşağıdakı coğrafi zonalar müəyyən edilir:

– yaşıl coğrafi zonalar – PUAS əməliyyatlarının məhdudiyyətsiz həyata keçirildiyi zonalar;

– sarı coğrafi zonalar – PUAS əməliyyatlarının məhdudiyyətlər tətbiq edilməklə həyata keçirildiyi zonalar;

– qırmızı coğrafi zonalar – PUAS əməliyyatlarının qadağan olunduğu zonalar;

– göy coğrafi zonalar – PUAS-ın eksperimental aviasiya və təlim məşqləri üçün nəzərdə tutulduğu coğrafi zonalar.

Sarı coğrafi zonalarda tətbiq edilə bilən məhdudiyyətlər aşağıdakılardır:

– PUAS-ın əməliyyatına dair əlavə şərtlər;

– PUAS-ın texniki xüsusiyyətlərinə dair əlavə şərtlər.

Bu Meyarlarda nəzərdə tutulmuş əlavə şərtlər PUAS əməliyyatlarına dair müəyyən edilmiş kateqoriyalara uyğun həyata keçirilir.

Coğrafi zonalar və onlarla əlaqədar məhdudiyyətlər Qanunun 62.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən tərtib edilən, daimi yenilənən və PUAS-ın istismarına dair elektron portal vasitəsilə yayımlanan interaktiv xəritədə əks olunur.

Bu Meyarlarda nəzərdə tutulmuş interaktiv xəritədə yaşıl, sarı və göy coğrafi zonalar həm daimi, həm də təhlükəsizlik tələblərinə əsasən (dövlət təhlükəsizliyi, uçuşların təhlükəsizliyi, aviasiya təhlükəsizliyi, əlverişsiz meteoroloji şərait) və risklərin qiymətləndirilməsi nəzərə alınaraq müvəqqəti coğrafi zona kimi müəyyən edilə bilər. Qırmızı zonalar daimi coğrafi zona kimi müəyyən edilir.

Coğrafi zonalar aşağıdakı meyarlara əsasən təyin edilir:

– qırmızı coğrafi zonalar üzrə – hərbi hissələrin və digər xüsusi istifadə rejimi müəyyənləşdirilən obyektlərin, dövlət orqanlarının (qurumlarının) inzibati binalarının, xəstəxana və sağlamlıq mərkəzlərinin yerləşdiyi və bu Meyarların 4.4-cü bəndində nəzərdə tutulmuş müvafiq dövlət orqanlarının təkliflərinə əsasən müəyyən edilmiş digər ərazilər;

– sarı coğrafi zonalar üzrə – kütləvi tədbirlərin həyata keçirildiyi zaman kommersiya, məişət, ticarət və ictimai iaşə obyektlərinin, turizm mərkəzlərinin, kurort və sanatoriyaların yerləşdiyi və meteoroloji şərait və hava hərəkəti xidməti tərəfindən müəyyən edilən operativ vəziyyətin risk qiymətləndirilməsi ilə bağlı təyin edilmiş və bu Meyarların 4.4-cü bəndində nəzərdə tutulmuş dövlət orqanlarının təkliflərinə əsasən müəyyən edilmiş digər ərazilər;

– göy coğrafi zonalar üzrə – eksperimental, sınaq-konstruktor və elmi tədqiqat işlərinin aparılmasını, habelə aviasiya texnikasının və digər texnikanın sınaqdan keçirilməsi məqsədilə nəzərdə tutulan ərazilər;

– yaşıl coğrafi zonalar – yuxarıda nəzərdə tutulmuş coğrafi zonalar ilə əhatə olunmayan və hava məkanının digər istifadəçilərinə maneə törətmədiyi digər ərazilər.

Daimi coğrafi zonalar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təyin edilir. Müvəqqəti coğrafi zonalar “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təyin edilir. Fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin təkliflərinə əsasən, habelə öz təşəbbüsü əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi (müvəqqəti coğrafi zonaların tətbiqinə münasibətdə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə) bu Meyarların 2.1-ci bəndi nəzərə alınmaqla PUAS əməliyyatlarına məhdudiyyətlərin tətbiq edildiyi və ya PUAS əməliyyatlarının qadağan olunduğu coğrafi zonalar müəyyən edir. Belə qadağa və məhdudiyyətlər onların tətbiqi üçün əsas olan hallar aradan qaldırıldıqda, həmçinin bu bənddə nəzərdə tutulmuş dövlət orqanlarının təklifləri ilə ləğv edilir.