Vaqon tipli furqon avtomobillərin, avtobus banlı və ya şassisi olan xüsusi təyinatlı avtomobillərin avtobus kimi yenidən quraşdırılmasına aydınlıq gətirilib.
Heftelik.az-ın məlumatına görə, bu, Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimatda əksini tapıb.
Bu növ yenidən quraşdırma zamanı nəqliyyat vasitəsinin banında olan xüsusi avadanlıqlar sökülərək, orada kütləvi istehsalda olan avtobuslara uyğun oturacaqlar quraşdırılır. Avtomobil aşağıdakı təhlükəsizlik tələblərinə cavab verməlidir:
– oturacaqlar sərnişinin üzü hərəkət istiqamətində əyləşməsini təmin etməlidir;
– oturacaqlar xəsarət törədə biləcək iri çıxıntılara malik olmamalı, bana elə bərkidilməlidir ki, kəskin tormozlanma və ya hərəkətə başlayarkən onların tərpənməsinin qarşısı alınsın;
– qəza zamanı sərnişinlərin çıxması üçün nəzərdə tutulmuş pəncərələrin işlək olması təmin edilməlidir.
Yük-sərnişin, sərnişin avtomobillərində oturacaqların sayı istehsalçı zavod tərəfindən nəzərdə tutulan konstruksiyaya uyğun quraşdırılır.