Aprelin 22-də Şərur rayon Oğlanqala kənd sakini, 75 yaşlı Zeynəb İsmayılovanın öldürülərək su quyusuna atılması faktı ilə bağlı cinayət işi üzrə daha bir şəxs məsuliyyətə cəlb olunub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Şərur rayon prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə prokurorluq və polis əməkdaşları tərəfindən davam etdirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Aypara Əsgərovanın cinayət əməlini 1991-ci il təvəllüdlü qonşusu Firuzə Seyidova ilə birgə törətməsinə şübhələr müəyyən edilib.

F.Seyidova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Aypara Əsgərova və Firuzə Seyidova iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub, barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Şərur rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bundan öncə araşdırmalarla Şərur rayon Oğlanqala kənd sakini 1986-cı il təvəllüdlü Aypara Əsgərovanın yaşadığı evdə tamah məqsədilə həmkəndlisi, 1950-ci il təvəllüdlü Zeynəb İsmayılovanı qəsdən öldürdükdən sonra evin həyətində yerləşən su quyusuna atmasına əsaslı şübhələr müəyyən edilib.

Prokurorluq və polis əməkdaşları dərhal hadisə yerinə gələrək təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçiriblər. Tədbirlər nəticəsində Aypara Əsgərova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.