Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov mayın 1-də Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Heftelik.az-ın məlumatına görə, fərmana əsasən, “Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələri əmlakları ilə birlikdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilən tibb müəssisələrində təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə:
– yenidən təşkili və ləğvi;
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə:
– Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təklifinə əsasən strukturunun, əməyin ödənişi fondunun, işçilərinin say həddinin və onların əməkhaqlarının məbləğinin (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiqi;
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə:
– nizamnamənin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;
– idarəetmə orqanlarının yaradılması;
– idarəetmə orqanlarının rəhbərlərinin (üzvlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi;
– təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına razılıq verilməsi;
– “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;
– Yuxarıda qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
– bu Fərmanda nəzərdə tutulan müəssisələrlə bağlı müvafiq təhvil-təslim işlərinin iki ay müddətində həyata keçirilməsi üçün tədbirlər görməli;
– Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etməli;
-Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin edib iki ay müddətində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat verməli;
– mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat verməli;
– bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla aşağıdakı məsələləri həll etməlidir:
– tabeliyinə verilmiş tibb müəssisələrinin nizamnamələrinin iki ay müddətində təsdiq etməli;
– tabeliyinə verilmiş tibb müəssisələrinin idarəetmə orqanlarının rəhbərlərinin vəzifəyə təyin edilməsi və vəzifədən azad etməlidir.
Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.