Qarayev Vüqar Kamal oğlu 1973-cü ildə Zəngilanın Kolluqışlaq kəndində anadan olub.
Hedtelik.az-ın məlumatına görə, Kolluqışlaq kəndində ibtidai məktəbi bitirdikdən sonra 1989-cu ildə Rəzdərə kənd məktəbində orta təhsilini başa vurub.
1990-cı ildə Bakı şəhərinin Binə qəsəbəsindəki 10 nömrəli peşə məktəbinə qəbul olub və bu təhsil müəssisəsini “qaynaq işlərinin texnologiyası və “C” kateqoriyalı sürücü” ixtisaslarına yiyələnməklə bitirib. Sonra səfərbərliyə alınaraq Türkmənistan Respublikasına, sovet ordusu sıralarına xidmətə göndərilib. Sovetlər İttifaqının dağılması səbəbindən əsgəri qulluğunun bir ili tamam olarkən Azərbaycana qayıdıb. Xidmətini doğma kəndində Milli Ordu sıralarında davam etdirib.
1992-ci ilin iyun ayında sağ çiynindən yaralanıb və hospitalda müalicə olunaraq yenidən Kolluqışlağı qoruyan oğulların sırasında yer alıb. Bir il müddətində çoxsaylı döyüşlərdə iştirak edib. 1993-cü il may ayının 17- də aldığı güllə yarasından şəhid olub.
Məzarı Zəngilan şəhərinin Şəhidlər Xiyabanındadır.