İlham İNAM

(Vasif Süleyman yaradıcılığı barədə təəssüratlarım)


Hələ XX əsrin ortalarında dahi şairimiz Səməd Vurğun demişdir :

” Nemətsə də gözəl şeir ,

Şair olan qəm də yeyir “.

Bəli , qəm yeməkləri şairlərin , yaradıcı adamların gündəlik ” menyu”sudur . Hər gün ağrılarla döyünən , kədərlə yüklənən ürək sanki hürkək qaranquş kimi ovcunun içində çırpınır . Elə döyünür , elə çırpınır elə bil dar bir qəfəsə salmısan .

Müasir Azərbaycan ədəbiyyatının öndə olan ədəbi simalarından biri də Vasif Süleymandır .

Onun poetik yaradıcılığı sanki səsli – küylü dağ çayıdır . Dənizlərə çatmaq , ümmanlara qovuşmaq üçün gecə – gündüz yorulmadan yollar ;dağlar , dərələr, düzənlər,səhralar qət etməkdədir .

Şairin bir neçə şeirini fikir süzgəcindən keçirərək söz haqqında söz , fikir haqqında fikir bildirmək fikrindəyəm .

Gəlin V. Süleymanın qonşuya , qonşuluğa münasibətinə poetik prizmadan baxaq .

Şairin ” Ayrılıb təzədən qonşu olmuşuq ” şeirindən məhəbbət ətri , həsrət qoxusu gəlir :

İş elə gətirib od qonşusuyuq ,

Sənmi kpçməlisən , mənmi , bilmirəm .

Ailə quraraq bir ömür birləşə bilməyən sevdalıları Tanrı qonşu olaraq ” birləş” diribdir . Təəssüf ki , heç biri yaşadığı mənzildən köçə bilmək bəhanəsi tapa bilmir .

Ürəyini ovcunun içinə alaraq xəyalını göylərin yeddi qatından keçirən aşiq maləsəf vaxtıyla sevdiyi , indi ona qonşu olan xanımın evinin qapısından içəri keçə bilmir . Bütün gün hər onu gördükcə təskinlik ünvanlı xatirələrinə üz tutur :

İşə baxırsanmı , sənin yolların ,

Mənim pəncərəmin önündən keçir .

Sevən aşiq bir zamanlar ona ” doğma” olan birisi ilə indi qonşuluqda yad bir insan kimi yaşayır .Tanrı qisməti belə yazıbdır . Hər gün işə onun pəncərəsinin önündən keçərək gedən xanım sanki hər gün onun ürəyini özü ilə işə aparıb gətirir .

Səni qucağına açılan qollar ,

Məni üz qoyduğum balınc göynədir – söyləyən sevda adamı sevgisindən yarımayan , yaxın ola – ola uzaq olmağın acısını yaşamağı poetik ifadələrlə müqayisə edir .

Ləngiyən vüsala tuşmu olmuşuq ,

Yoxsa bu , taleyin çaşdığı yoldu .

Ayrılıb təzədən qonşu olmuşuq ,

Ta bunun harası ayrılıq oldu…

Qənaətində yanılmayan lirik qəhrəman taleyinin çaşdığı yolda özü də çaş – baş qalıbdır . Ayrılıb görmək istəmədiyi ” əziz” bir adam indi görüb ayrılmaq zorunda qaldığı bir əlçatmazlıqdadır . Təsadüfü qonşuluq hər gün onlar arasında qarşı – qarşıya gəlmək , qabaqlaşmaq zərurəti yaradıbdır .

Lirik qəhrəman bu labirintdən çıxış yolları axtarışındadır :

Sevgisən , həsrətsən , gəlmirsən dilə ,

Ürəkdən yüz hissin təlaşı keçir .

Hər səhər , hər axşam yanımdan belə ,

Sevgim həsrətimnən yanaşı keçir .

Sevən insan üçün çox çətin bir durumdur . Vaxtıyla sevdiyin qızı yad ocağında görmək , hər onu görəndə onlu xatirələrin içində qovrulmaq çətin bir həyat imtahanıdır . Təbii ki , xatirə dolu təlaş , hər gün , hər onu gördükdə könül qapısını döyəcəkdir .

Sevgiylə həsrətin yanaşı addımlaması hicran dadmış ürək üçün heç də yaxşı sürpriz deyildir .

“25 yaşın şeiri və şəkli” nə üz tuturam . Bu yaş təbii ki cavanlıq səhvlərinin , günahlarının , xətalarının edildiyi bir zaman kəsiyidir . Ədəbi qəhrəman bu şeirdə cavanlıqda etdiyi ” sevgi xəta”larına poetik münasibətini ortaya qoyur :

Bir şirin xətanın əsiri idik ,

O da çatlayırdı şirinliyindən .

Adətən , xəta , günah mənfi stimul yaradan məfhumlardır. Maraqlısı odur ki , şair xətanı şirinliyindən çatlayan nara , meyvəyə bənzədərək poetik tapıntı etmişdir . Bir nüansı da vurğulayım ki , bu xəta xətasız xətadır . Heç kum bundan ziyan görmür :

Adı xataların yoldaşı oldu ,

Heç kim bu xatadan ziyan görmədi .

Şair ürəyinin böyüklüyü həm də ondadır ki ;

Çünki aramızda şirin sevgini ,

Şipşirin xətaya bağışlamışıq . – deyə bilir . O , sevgisini şipşirin xətaya bağışlamaq , hədiyyə etmək qüdrətindədir .

  1. Süleymanın məhəbbət mövzulu şeirləri sanki hazır , bəstələnmiş mahnı versiyalarıdır .Onun ” Yazmışam ” şeiri də bu qəbildən ürəyəyatımlıdır . “Yazmışam” eyni zamanda poetik sevgi etirafları ilə zəngin bir şeirdir .

Sevdiyu qızdan onu yüz yol sınamamasını istəyən aşiq anlatmaq istəyir ki , sənin bu sevginlə yeni bir ömür başlayaraq dinə , imana gəlmişəm . O , tale yollarına çıxan sevgisini qismətə yazılan gün kimi şükranllqla qəbul edir .

Bu eşqin vüsalı olamı , bilməm ,

Yolsuzmu çıxmışıq yolamı , bilməm .

Sən nəsən , sevgimi , bəlamı , bilməm ,

Yazmıram demişəm , yenə yazmışam – deyən eşq əhli eşqi vüsalsız təsəvvür etmir . Vüsal eşqin bir növ zirvəsidir . Yola yolsuzluqdan , sevgiyə sevgisizlikdən , heç nəyə hər şeydən başlamaq insan taleyinin təzahürüdür . Sevdiyi gözəlin sevgi yoxsa bəla olması dilemması ilə qarşılaşan lieik qəhrəman yazmıram desə də həmin gözəlin məhəbbətini yenə qəlbinə yazmaqla sevgi uğrunda fədəkarlığın son akkordlarını nikbinliklə vurur .

Şeir gözəl bir sevgi etirafı ilə yekunlaşır . Şeirin bu son bəndinə böyük bir məna yükünü sığışdırmağı bacaran qələm adamı :

Bütün ömür boyu yazdıqlarımı ,

Elə bilirəm ki , sənə yazmışam – deməklə bir ömür sevguyı , sevgilisinə sədaqətini , məhəbbətini ifadə edir .

Vasif Süleyman yaradıcılığında poetik tapıntılar , oxucunu düşünməyə vadar edən fikirlər çoxdur .

Şairin şeirləri haqqında qalın bir kitab yazmaq olar.Hələlik məndən bu qədər .

Süleymana həyatda ən gözəl nemət olan can sağlığı , ailə səadəti və yazıb – yaratmaq eşqi arzulayıram .

Şəmkir rayonu