Oğuz rayonunun Xaçmaz kəndindən hərbi xidmətə çağırılan əsgər Fariz Sadiq oğlu İsayev dünyasını dəyişib.

Heftelik.az-ın Bakupost.az-a istinadən verdiyi məlumata görə, 20 yaşlı Fariz hərbi xidmətə bir ay öncə başlayıbmış.

Əsgər andiçmə mərasimindən üç gün sonra dünyasını dəyişib.

İddialara əsasən, qızdırması olan əsgərə antibiotik iynəsi vurulub və o, iynənin təsirindən şoka düşərək ölüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Fariz İsayevin ölüm faktı əsasında Sumqayıt hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, ölümün səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər prosessual hərəkətlər icra edilib.

Faktla bağlı Sumqayıt hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.

Qeyd edilib ki, hazırda ibtidai istintaq davam etdirilir, qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən müvafiq qərarın qəbul edilməsi təmin ediləcək.