Gözlərimin nuru Altunay, Tuqay və
nəğməsini eşidə bilmədiyimiz bütün uşaqlara ithaf edirəm
May ayında mütaliəmi 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr etdim. Hətta çalışdığım şirkətin “Kitab klubu”nda da may ayının mütaliəsi üçün uşaq ədəbiyyatını seçməyi təklif etdim.
Uşaqlara həsr etdiyim mütaliəmin ilk kitabı, Norveç uşaq və yeniyetmə ədəbiyyatında xüsusi yer tutan Arne Svingenin “Sınmış burunun nəğməsi” oldu. Bu əsər, incə, duyğusal və bir o qədər də realist bir romandır. Əsər, həm uşaqlar, həm də böyüklər üçün düşündürücü mövzulara toxunduğu üçün, məncə yaşından asılı olmayaraq hər kəs bu kitabı oxumalıdır. Böyüklər oxumalıdır ona görə ki, uşaqları yaxşı anlasınlar, uşaqlar oxumalıdır ona görə ki, həyatda Bart kimi çətin həyat şərtləri altında yaşayan, amma heç vaxt ümidini itirməyən pozitiv bir oğlanın həyatından dərs ala bilsinlər.
Əsərin qəhrəmanı Bart adlı 13 yaşlı oğlandır. O, çox sakit, utancaq, amma eyni zamanda qeyri-adi istedadlara sahibdir. Bart opera oxumağı da çox gözəl bacarır. Ancaq bu istedadını sinif yoldaşlarından gizlədir. Anası isə bu balaca çəlimsiz oğlanı özünü müdafiə edə bilsin deyə, boks məşqlərinə göndərir, baxmayaraq ki, bu onun təbiətinə çox uyğun deyil. Bütün bu ziddiyyətlər, onun daxilindəki qarışıqlığı, qorxuları və arzuları əks etdirir.
Bartın anası alkoqolikdir, amma o Bartı sevir, istedadının fərqindədir. Ananın həmişə sərxoş vəziyyətinə görə o, heç Bartın atasının kim olduğunu xatırlamır. Ailə mühitində daim qeyri-sabitlik hökm sürür. Bu reallıq, onun daxili dünyasını daha da mürəkkəbləşdirir. Ancaq o, ümidini itirmir və musiqi onun üçün bir emosional çıxış yolu olur.
Kitab yumorla doludur, eyni zamanda ağrılı və həssas mövzulara toxunur: yoxsulluq, ailədaxili məsuliyyət, sosial təcrid, dostluq, özünü tanıma və qəbul etmə. Məncə, bu əsərdə “sınmış burun” həm də çətinliklərin, utancaqlığın, zəifliyin və mübarizənin simvoludur. Əsərin dili sadə, lakin poetikdir. Gənc oxucular üçün əlçatan olmaqla yanaşı, böyükləri də düşündürəcək fəlsəfəyə malikdir. Bartın daxili monoloqları və düşüncələri oxucunu onunla daha da yaxın edir.
Arne Svingen, sadə bir hekayə vasitəsilə emosional dərinlik, sosial mesaj və ədəbiyyat zövqü verir.
Uşaq psixologiyasına görə, uşaqların daxili dünyası çox zəngin, eyni zamanda çox həssasdır. Sosial, ailə və məktəb təzyiqləri uşaqların özünü ifadə etməsinə mane ola bilər. Bart kimi uşaqlar, öz qorxularını və istedadlarını gizlətməklə, daxildə böyük gərginlik yaşayırlar. Bu gərginlik bəzən fiziki və emosional “sındırılmış burun” kimi təzahür edir. Ancaq musiqi, rəsm, ədəbiyyat kimi yaradıcı fəaliyyətlər, uşaqlar üçün özlərini ifadə etmənin, özünə inamın və şəfa tapmağın ən güclü yollarıdır. Bartın opera oxuması və boks məşqləri arasındakı ziddiyyət, onun daxilindəki qarışıqlığın inikasıdır.
“Sınmış burunun nəğməsi” bizə öyrədir ki, həyatın zərbələri, acıları bizi məhv etmir, əksinə, içimizdəki nəğməni daha da gücləndirir. Bartın hekayəsi bizim hamımızın hekayəsidir, axı biz də bir zaman balaca uşaqlar olmuşuq.
Balaca və çox zəkalı Bartın bəzi fikirlərini olduğu kimi paylaşıram:
- İstedad – özünəməxsus bir gücdür.
- Mən həyata pozitiv yanaşıram. Pis insan yoxdur. Dünya əntiqə bir yerdir.
- Yeni ideyaların axmaq cəhəti odur ki, yatmağa imkan vermirlər.
- Necə bir vəziyyətdə olursan ol, hər zaman səndən də betər vəziyyətə olanlar var.
- Şaiyə yaymaq küləyin əsdiyi istiqamətə tüpürmək kimi bir şeydir.
- Yaşayan analar ən gözəl analardır.
- Anam həmişə deyir ki, kafelər özlərini göstərməyi sevən adamlar üçündür. Ancaq kafedə gördüyüm insanların çoxu özlərini göstərməkdən daha çox, kofe içmək, qəzet oxuyub söhbət etməklə məşğuldurlar.
- Bəzi insanlar həmişə nəyisə yanlış anlayır.
Cəmiyyətin kənarında qalan, daxili dünyası zəngin olan uşaqların səsini eşitmək istəyən hər kəs bu kitabı oxumalıdır.
Bir Ana ürəyi ilə:
Əziz Altunay və Tuqay, bilin ki, sizin hər nəfəsiniz, hər gülüşünüz bizim üçün ən qiymətli nəğmədir. Sizin içinizdə bir nəğmə var, bu nəğməni qorumaq, eşitdirmək bizim borcumuzdur. Sınmış burunlarınız olsa belə, hər zərbə sizi sınmaq üçün deyil, parıldamaq üçün yoğurur. Öz səsinizi heç vaxt itirməyin, çünki bu dünya sizin nəğmənizlə gözəldir. Öz içinizdəki nəğməni səsə çevirin və həyatın ən gözəl mahnısını oxuyun.
Ey bütün insanlar:
Gördüyünüz hər uşaq bir nəğmədir, onları qoruyun!
İlahə Ümidli
16.05.2025