Rusiyaya ağır zərbə

01 İyun 2025, 21:24

Ukrayna Rusiyanın hərbi aerodromlarına PUA hücumu həyata keçirib.

Heftelik.az xəbəri verir ki, bu barədə Ukrayna kəşfiyyatı  məlumat yayıb.

Bildirilib ki, kütləvi dron hücumu nəticəsində Rusiyanın Murmansk, İrkutsk, Ryazan və digər regionlarında yerləşən hərbi aerodromlarında 40 strateji hərbi təyyarəsi məhv edilib.

Ukrayna teleqram kanalları dron hücumunun və məhv edilən strateji bombardmançı təyyarələrin görüntülərini də yayıb.

UNİAN agentliyinin məlumatına görə, əməliyyat zamanı Rusiyanın 40-dan çox bombardmançı təyyarəsi, o cümlədən A-50, Tu-95 və Tu-22 M3 vurulub, dəymiş ziyan 2 milyard dollardan çox qiymətləndirilir.
Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib ki,  Ukrayna Rusiyanın Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərindəki aerodromlara qarşı FPV pilotsuz uçuş aparatlarından istifadə etməklə terror aktı törədib.
Qeyd edilib ki, İvanovo, Ryazan və Amur vilayətlərindəki hərbi aerodromlarda bütün terror hücumları dəf edilib. Murmansk və İrkutsk vilayətlərində, aerodromların bilavasitə yaxınlığında yerləşən ərazidən FPV PUA-larının buraxılması nəticəsində bir neçə təyyarə alovlanıb.Bildirilib ki, yanğınlar söndürülüb. Hərbçilər və mülki şəxslər arasında itki yoxdur. Terror aktlarının bəzi iştirakçıları saxlanılıb.