Gəncənin Məhsəti qəsəbəsində qudalar arasında ailə münaqişəsi zəminində baş verən kütləvi dava zamanı bir neçə nəfər xəsarət alıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə nəticəsində Kəlbəcər rayon sakinləri – 1980-ci il təvəllüdlü Ə.Əlişanov bıçaq xəsarəti, onun həyat yoldaşı A.Əlişanova və 2005-ci il təvəllüdlü övladı A.Əlişanov isə müxtəlif dərəcəli bədən xəsarətləri və kəllə-beyin travması ilə xəstəxanaya yerləşdiriliblər.
Məlumata əsasən, ana və övlad balta xəsarətləri alıblar. Ə.Əlişanovun vəziyyətinin ağır, həyat yoldaşı və övladının isə stabil olduğu bildirilib. Davada qarşı tərəfdən də 2 nəfərin xəsarət aldığı və onların da başqa tibb müəssisəsinə yerləşdirildiyi qeyd olunur.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, Gəncə şəhərində qohumlar arasında baş verən insidentdə Göygöl sakini Ə.Alışanov kəsici alət xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən 59 yaşlı Zakir Sadıqov saxlanılıb.
Faktla bağlı Gəncə BPİ-də cinayət işi başlanıb.
Hazırda hadisənin motivləri və digər halların müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.
TƏBİB-dən bildirilib ki, iyunun 3-də saat 02:40 radələrində müxtəlif bədən xəsarətələri ilə 6 nəfər (4 kişi, 2 qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan tibb müəssisələrinə hospitalizasiya olunub. Onlardan 4 nəfərinə Akademik Z. Məmmədov adına xəstəxanada, 2 nəfərinə isə Abbas Səhhət adına xəstəxananın müvafiq şöbələrində zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş hesab olunan 5 nəfər ambulator müayinə üçün evə buraxılıb.
Hazırda 1980-ci il təvəllüdlü şəxsin (kişi) müalicəsi isə Akademik Z. Məmmədov adına xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır.
***
saat 09.19
Gəncədə qohumlar arasında mübahisə baş verib, yaralananlar var.
Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.
Belə ki, mübahisə zəminində 1980-ci il təvəllüdlü Əli Alışanov bıçaqlanıb, daha sonra isə balta ilə xəsarət alıb.
Onun həyat yoldaşı Aynur Alışanova və 25 yaşlı oğlu Alim Alışanov isə döyülərək bədən xəsarətləri alıblar.
İlkin məlumata görə, onlar qudaları ilə aralarında yaranmış mübahisə zəminində yaralanıblar. 45 yaşlı Ə.Alışanovun vəziyyəti ağır qiymətləndirilir.
Həmçinin mübahisə zamanı qarşı tərəfdən 1966-cı il təvəllüdlü Zakir Sadıqov və onun oğlu 1999-cu il təvəllüdlü Elşən Sadıqov da xəsarət alıblar.
Faktla bağlı araşdırma başlanılıb.