Yerli bank xarici filialını və ya nümayəndəliyini açmağa icazə almaq üçün Mərkəzi Banka yazılı müraciət etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Müraciətə aşağıdakı sənədlər əlavə edilməlidir:
– bankın filial və ya nümayəndəlik açmaq barəsində səlahiyyətli idarəetmə orqanı tərəfindən qəbul edilmiş qərarın təsdiqlənmiş surəti;
– filialın və ya nümayəndəliyin əsasnaməsi. Əsasnamədə digər məlumatlarla yanaşı filial və nümayəndəliyin ünvanı, bank fəaliyyət növləri (yalnız filiallar üçün), inzibatçıların səlahiyyətləri, bank tərəfindən nəzarətin həyata keçirilməsi, filial və nümayəndəliyin ləğv edilməsi qaydası göstərilməlidir;
filialın kommersiya strategiyasını, nəzərdə tutduğu fəaliyyət növlərini, təşkilat strukturunu, habelə filialın işinin ilk üç ili üçün maliyyə proqnozlarını müəyyənləşdirən biznes-plan;
– filialın və ya nümayəndəliyin inzibatçılarını (rəhbərlərini) təyin etmək haqqında bankın səlahiyyətli orqanının qərarının surəti;
– filialın və ya nümayəndəliyin hər inzibatçısı üçün onun bankda və digər hüquqi şəxslərdə mühüm iştirak paylan göstərilməklə siyahısı, peşə ixtisası və təcrübəsi haqqında məlumatın göstərildiyi sənədlərin (təhsil və əmək fəaliyyəti haqqında) notariat qaydasında təsdiqlənmiş surətləri, həmin şəxslər tərəfindən doldurulmuş anket, onun vətəndaş qüsursuzluğuna dair məlumat, inzibatçı əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;
Nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.