Yayılan videoda gördüyümüz hadisələr xəstənin şəxsi istəyi ilə baş verib və heç bir məcburiyyət olmayıb. Ultrasəs və biopsiya heç vaxt steril şəraitdə aparılmır, bunun üçün əməliyyat otağında olmalıyam. Mən əməliyyat həkimi deyiləm.
Heftelik.az xəbər verir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında pasiyentini prosedur zamanı videoya çəkən və sözügedən görüntülərə görə tənqid olunan mammoloq-radioloq Günel Qəmbərova deyib.
O qeyd edib ki, prosedurun qeyri-steril şəraitdə aparılmasında heç bir problem yoxdur:
“Mən mammoloq-radioloqam, prosedurlar heç vaxt steril şəraitdə aparılmır, buna ehtiyac da yoxdur. İstifadə edilən əlcək belə steril deyil, əməliyyat əlcəklərindən fərqli olaraq bu, tibbi əlcəkdir. Əlcəyi də ona görə taxıram ki, pasiyentdə dəri xəstəliyi olsa, mənə keçməsin.
Mən süd vəzi həkimiyəm. 2014-cü ildən bu günə qədər süd vəzi prosedurlarını aparıram. Xəstələrin üzünü həmişə bağlamışam. Radioloq əməliyyat həkimi deyil. Qadının görüntüsünü isə özü istədiyi üçün paylaşmışıq. Xəstə ultrasəs müayinəsindən qorxurdu, dedi ki, istəyirəm, ərimin acığına o mahnını qoyub oynayasınız. Yerə düşən iynəni isə biz təkrar istifadə etmirik.
Tibb Universitetində 17 illik müəlliməm, tələbələrim var, məsələni böyütməsinlər. Dünənin uşağı deyiləm, beynəlxalq təcrübəm var. Azərbaycandan ABŞ-yə gedən ilk radioloqam. Tələbələrim Azərbaycanda və dünyada tanınmış həkimlərdir”, – deyə G.Qəmbərova qeyd edib.

***

saat 23.31

Daha bir həkim əməliyyat zamanı çəkdiyi videonu izləyicilərinə nümayiş etdirib.

Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə,  bu dəfə tanınmış Mammoloq-Radioloq Günel Qəmbərova bu addımı atıb.

Məlhəm Beynəlxalq Hospitalında pasiyentin intim bölgələrini yayımlamaqdan çəkinməyən G.Qəmbərovanın proses zamanı bayağı davranışı da birmənalı qarşılanmayıb.

Qeyd edək ki, bir müddət əvvəl Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi əməliyyat zamanı yayım açan həkimlərə xəbərdarlıq edib:

“Əməliyyat zamanı çəkiliş yalnız elmi-tədris məqsədi ilə tam sanitar-gigiyenik qaydalara riayət edilməklə, cərrahiyyə otaqlarında xüsusi tələblərə uyğun (sterillik) quraşdırılan texniki avadanlıqlar vasitəsi ilə həyata keçirilə bilər. Bu qaydalara əməl etməyərək, digər avadanlıqlarla çəkilişlərin aparılması gigiyenik qaydaları pozur və infeksiyanın yayılması üçün münbit şərait yaradır.

Yuxarıda qeyd olunan fəaliyyət, “Reklam haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən reklam hesab olunur və İnzibati Xətalar Məcəlləsinin 428.4-ci maddəsinə əsasən tətbiqinə icazə verilməyən müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarının reklam edilməsinə görə vəzifəli şəxslər üç yüz (300) manatdan beş yüz (500) manatadək məbləğdə, hüquqi şəxslər min (1000) manatdan iki min (2000) manatadək məbləğdə cərimə edilir”, – məlumatda vurğulanıb.

Göründüyü kimi, G.Qəmbərova sözügedən videonu yaymaqla dövlət qurumunun xəbərdarlığını heçə sayıb.

Həkimdən fərqli olaraq, sözügedən videonu etik qaydalar çərçivəsində təqdim edirik: