Nəhayət ki, “Azercell” real həqiqəti açıqlaya bildi, abonentin tarifdə olub-olmamasında asılı olmayaraq, hansı tarifdə olmasından asılı olmayaraq “1 manat -1 gün” prinsipi qüvvədədir.

Heftelik.az-ın məlumatına görə, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz “Facebook’-da paylaşımında bildirib.

Osman Gündüz qeyd edib ki, tarifə qoşulmuş olmaq avtomatik güzəşt yaratmır. Əgər tam məbləğ yüklənmirsə, tarif aktivləşmir və yüklənən məbləğ yalnız günlük istifadəyə çevrilir – əvvəlki sistemdəki kimi nömrənin aylarla açıq qalması artıq mümkün deyil.
Yeni qaydalara görə tarifi yeniləyə bilməyib onun aylıq haqqından az pul ödəyəcəksənsə, elə ona uyğun da nömrən aktiv olacaq.
İstərsə 2 manatlıq tarif, istərsə 20 manatlıq tarif olsun.
Sizin nömrəniz aylıqdan az olan həmin yüklədiyiniz məbləğlərə uyğun olaraq aktiv (iki tərəfli) olacaq :
1 manat = 1 gün
2 manat = 2 gün
3 manat = 3 gün və s.
Nömrəniz qalan günlər, 90 gün ancaq zəng qəbul edəcək.
Ola bilər balansınızda pul olacaq, amma götürdüyünüz aylıq tarifə uyğun olmadığından nömrə birtərəfli bağlı olacaq.
Əvvəlki qayda isə kəskin fərqliydi :
1 manat = 5 gün
2 manat = 10 gün
5 manat = 30 gün və s.
Osman Gündüz bildirib ki, mobil sektorda dövlət payına sahib olan şirkət – “Azercell” nömrələrin aktiv qalma müddətini azaltdıqdan sonra, tarif planlarına və internet qiymətlərinə yeni yanaşma tətbiq etdikdən sonra özəl operatorların da bunu etməsi yox, cəsarət göstərərək etməməsi maraqlı xəbər ola bilərdi: “Sadəcə, ağlasığmazdır. Bir dövlət şirkətinin müştəri xidmətinin rəhbəri vətəndaşların ziyanına olan, onları daha çox xərcləməyə, daha çox balans yükləməyə səbəb ola biləcək bir prosesi “sərfəli” bir addım olaraq dəyərləndirir”.