Naxçıvan şəhər Heydər Əliyev prospektində yerləşən “Kassap dönər”də dönərdən kütləvi zəhərlənmə olub.
Heftelik.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin həkim-infekionisti Nəzmin Allahverdiyeva jurnalistlərə açıqlamasında bildirib ki, bu xəstəxanaya müraciət edənlərin 17 nəfər olmasına baxmayaraq, zəhərlənmə halının çox olduğu barədə məlumat var.
Yəni, təcili tibbi yardım şöbəsinə daha çox xəstə müraciət edib: “Daxil olarkən xəstələrin vəziyyəti orta-ağır və iki nəfər isə ağır vəziyyətdə idi. Aparılan simptomatik yardımlardan və dinamik müşahidədən sonra xəstələr tam klinik sağalma ilə evə buraxılıb. Bunlardan 3-ü ayrı ailə üzvləri olub. 5 nəfər bir ailədən, 4 nəfər bir, 3 nəfər isə ayrı bir ailədən olub. Zəhərlənənlərin 9 nəfəri azyaşlı olub”.
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Qida zənciri nəzarət şöbəsinin müdiri Orxan Orucov deyib ki, baş verən hadisə həm mövsümlə də, həm də məhsulların saxlanması, istifadə qaydalarının pozulması ilə əlaqədar ola bilər.
“Araşdırma davam etdirilir, qida zəncirinin müvafiq mərhələlərində aparılan araşdırma istər çiy dönər saxlanılması və ya emalı müəssisəsində, dönər üçün nəzərdə tutulan, həm də termiki emala məruz qalmış dönərdən də nümunələr seçilir və orada istifadə olunan dönər üçün nəzərdə tutulan souslar, ketçuplar, mayonezlərdən də nümunələr seçilib, qida təhlükəsizlik institutunun laboratoriyasına təqdim olunub. Ümumiyyətlə, həmin məhsullarla bağlı normativ hüquqi akt qəbul olunub. Həmin aktda qeyd olunan temperatur rejimi məsələlərinə əməl etmək lazımdır. Apardığımız müşahidələr zamanı istifadə olunan mayonez, ketçup və digər sousların müvafiq temperaturda saxlanmağı, gigiyenik qaydaların pozulması sonda bu kimi arzuolunmaz hadisələrə səbəb olur”.