Kütləvi informasiya vasitələri cəmiyyətin əsas güzgüsü olmaqla yanaşı, onun formalaşmasında və inkişafında əvəzsiz rol oynayır. Medianın yaydığı istənilən məlumat, təqdim etdiyi obrazlar və təbliğ etdiyi dəyərlər cəmiyyətdə fikrin formalaşmasına, davranış modellərinin dəyişməsinə bu və ya digər şəkildə təsir göstərir. Bu baxımdan da istənilən media qurumu, media nümayəndəsi yaydığı xəbərlərin cəmiyyətdə hansı reaksiya doğuracağını öncədən dəyərləndirməli və məsuliyyət hissi ilə hərəkət etməlidir.

Xüsusilə həssas sahələr – insan hüquqları, fərdi həyat, ailə münasibətləri – medianın daha ehtiyatlı və peşəkar davranmasını zəruri edən mövzulardandır. Ailə institutuna toxunan istənilən açıqlama və ya xəbərin cəmiyyətin ən kövrək təməli olan ailə münasibətlərinə təsir göstərməsi mümkündür.

Medianın təsir gücü yalnız informasiyanın yayılması ilə məhdudlaşmır, o həm də ictimai rəyə, davranış normalarına və sosial tendensiyalara yön verir. Bu səbəbdən də medianın fəaliyyətində yalnız reytinq deyil, ictimai məsuliyyət əsas meyar olmalıdır.

Ailə sirləri qanunla qorunur

Ailə münasibətləri və ailədaxili proseslər şəxsi həyatın toxunulmazlığı çərçivəsində qanunla qorunur. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ailə sirrinin qorunmasını təmin edir və bu sirrin yayılması halları qanunvericiliklə tənzimlənir. Xüsusilə ailə məsələləri ilə bağlı məhkəmə prosesləri tərəflərin tələbinə uyğun olaraq qapalı rejimdə keçirilə bilər ki, bu da şəxsi münasibətlərin ictimai müdaxilədən qorunmasını təmin edir.

Medianın ailə mövzularında məlumat toplaması və yayması zamanı qanunvericiliyin tələblərinə riayət etməsi, şəxsi məlumatların yayılmaması, şəxslərin razılığı olmadan onların ailədaxili münasibətlərinə dair informasiyaların tirajlanmaması zəruridir. Əks halda bu həm hüquqi məsuliyyət, həm də ictimai etimad itkisi ilə nəticələnə bilər.

Son illərdə sosial şəbəkələr istər informasiyanın sürətli yayılması, istərsə də cəmiyyətin müxtəlif təbəqələrinə təsir imkanları baxımından önə çıxmışdır. Azərbaycanda da sosial media platformaları ənənəvi medianı bir sıra hallarda operativlik baxımından üstələyir. Lakin bu, yeni təhlükələri də özü ilə gətirir.

Sosial şəbəkələr üzərindən ailədaxili münasibətlərə dair yayılan və çox vaxt təhrif olunmuş məlumatlar ictimai müzakirəyə çıxarılır. Belə hallar ailə münasibətlərini daha da mürəkkəbləşdirir və fərdi münaqişələri ictimai gərginliyə çevirə bilir. Bundan əlavə, bəzi hallarda heç bir rəsmi mənbəyə əsaslanmadan yayılan informasiyalar media səhifələrinə də daşınır ki, bu da peşəkar jurnalistika prinsiplərinin pozulmasına gətirib çıxarır.

Bu xüsusilə də məişət zorakılığı, boşanmalar, ailə münaqişələri ilə bağlı informasiyalarda müşahidə olunur. Media bu kimi məlumatları yaymazdan əvvəl onların doğruluğunu yoxlamalı, rəsmi mənbələrə istinad etməli, şəxslərin hüquqlarını pozmamalıdır.

Medianın məsuliyyəti və etik yanaşma

 

Azərbaycan Mətbuat Şurası son illərdə ailə dəyərlərinin qorunması və təbliği sahəsində media qurumlarının fəaliyyətinin istiqamətləndirilməsi məqsədilə bir sıra təşəbbüslərlə çıxış edib. Şura tərəfindən keçirilən tədbirlərdə jurnalistlər, ekspertlər, ictimai xadimlər və dövlət qurumlarının nümayəndələri iştirak edərək, media məhsullarında ailə mövzusunun işıqlandırılması zamanı etik prinsiplərin gözlənilməsinin vacibliyini müzakirə edirlər.

Mətbuat Şurasının təşkil etdiyi müzakirələrdə vurğulanır ki, ailə mövzusunun yanlış, emosional və ya kommersiya məqsədilə işıqlandırılması cəmiyyətin mənəvi əsaslarına zərbə vurur. Bu səbəbdən də jurnalistlərə müvafiq peşəkar davranış kodeksi çərçivəsində yanaşmalar təklif olunur və etik normaların pozulmasının qarşısının alınması istiqamətində çağırışlar edilir.

Şura, həmçinin media təmsilçiləri üçün xüsusi maarifləndirici seminar və treninqlər keçirərək ailə münasibətlərinin işıqlandırılmasında balanslı, məsuliyyətli və cəmiyyətin dəyərlərinə uyğun jurnalistikanın təşviqinə çalışır. Ailə dəyərlərinin təbliği məqsədilə hazırlanan bəzi media layihələrinə də dəstək verilir.

Mətbuat Şurası hesab edir ki, ailə münasibətlərinin düzgün təqdimatı həm medianın nüfuzunu artırır, həm də milli ideologiyanın möhkəmləndirilməsinə töhfə verir. Ailə institutuna qarşı yönəlmiş dezinformasiyaların və yad modellərin yayılmasının qarşısının alınması üçün media nümayəndələrinin mütəmadi şəkildə maarifləndirilməsi zəruri hesab olunur.

Media ekspertləri bildirirlər ki, yayılan hər bir informasiyanın dəqiqləşdirilməsi və balanslı təqdimatı zəruridir. “Çünki cəmiyyətə yayılan yanlış və ya birtərəfli informasiya bir ailənin dağılması, bir insanın cinayətə sürüklənməsi, yaxud da hüquq-mühafizə orqanlarının hərəkətə keçməsi ilə nəticələnə bilər. Odur ki, jurnalistlər ailə məsələləri kimi həssas mövzularda xüsusilə məsuliyyətli davranmalıdırlar”.

Ekspertlər həmçinin qeyd edirlər ki, medianın sosial funksiyası yalnız xəbər yaymaqla məhdudlaşmır – o həm də maarifləndirmə, istiqamətləndirmə və sosial normaların qorunması vəzifəsini daşıyır. Əgər bu funksiyalar yerinə yetirilmirsə və əvəzində təxribat xarakterli, emosional təsirli, lakin etibarsız məlumatlar yayılırsa, bu cəmiyyətin mənəvi mühitinə ciddi zərbə vura bilər.

Dövlət Komitəsinin tövsiyələri

Medianın ailə institutunun qorunması baxımından üzərinə düşən başqa bir vacib məsuliyyət təbliğ etdiyi obrazlarla bağlıdır. Təəssüf ki, bəzi hallarda mediada mənfi obrazların qəhrəman kimi təqdim olunması halları müşahidə olunur. Cinayət törətmiş, hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb olunmuş şəxslərin “maraqlı şəxsiyyət” və ya “cəsur obraz” kimi təqdim olunması, gənc nəsil üzərində təhlükəli təsir yarada bilər.

Yetkin insanlar bu informasiyaları tənqidi baxımdan qəbul edə bilsə də, yeniyetmələr və formalaşmaqda olan gənclər bu cür təbliğatın təsiri altına düşərək yanlış yola yönələ bilirlər. Bu isə təkcə fərdin deyil, onun ailəsinin və bütövlükdə cəmiyyətin faciəsinə çevrilə bilər.

“Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə  Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatı”nda qeyd edilir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə  Dövlət Komitəsinin apardığı tədqiqata əsasən, media sahəsində gender məsələlərinə daha yüksək həssaslığın formalaşdırılması vacibdir. İctimaiyyətə təqdim olunan istənilən məlumatın gender stereotipləri və patriarxal yanaşmalar baxımından dəyərləndirilməsi vərdişlərinin həm jurnalistika sahəsində təhsil alan, həm də bu sahədə artıq fəaliyyət göstərənlər arasında inkişaf etdirilməsi üçün müvafiq vəsaitlərin hazırlanması, təlimlərin keçirilməsi zəruridir.

Məlumdur ki, ayrı-seçkilik xarakterli gender stereotipləri insanların daha çox görüb, müşahidə etdikləri gender rollarına, qadın və kişilərin ailədə və ictimai sahədə yerinə yetirdikləri funksiyaların müşahidə-sinə əsaslanır. Media hansı gender rollarını tirajlayır? Mediada yayımlanan qadın-kişi obrazları gender bərabərliyinə hansı töhfə verir, yoxsa onun əksinə işləyir? Bu suallar ictimaiyyətlə işləyən peşə nümayəndələri, media əməkdaşlarının daim diqqətində saxlanılan məsələlər arasında olmalıdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə  Dövlət Komitəsi hesab edir ki, efir məkanında televiziya verilişləri və yerli istehsal olunan seriallarda təqdim olunan qadın və kişi rollarına xüsusilə diqqət yetirmək vacibdir. “Deyingən evdar qadın”, “maddiyatçı qadın”, “avam qadın” obrazlarının hədsiz yer al-ması cəmiyyətdə qadın nüfuzuna xələl gətirir. Eyni zamanda, güclü kişi obrazının məhz aqressivliklə eyniləşdirilməsi ictimai şüuru, xüsusilə formalaşma illərini yaşayan gənc nəsli yalnış yönləndirir, belə bir səhv təsəvvür formalaşdırır ki, aqressivlik, zorakılığa meyllik, ailə üzvlərinə təzyiq göstərmək xüsusiyyətləri güclü kişi” obrazının mütləq tərkib hissəsidir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə  Dövlət Komitəsi tövsiyə edir ki, bu baxımdan, efir məkanında yeni yaradılan məzmunun qatı patriarxallıqdan uzaq olması zəruridir. Bunun üçün müvafiq məzmunu yaradan peşəkarların məhz gender həssaslığının artırılması üçün yuxarıda qeyd olunan tədbirlər vacibdir.

“Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə  Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatı”nda o da qeyd edilib ki, 2024-cü ildə jurnalistika ixtisası üzrə təhsil alan tələbələr üçün Qəbələ rayonunda “Ailə, qadın və uşaq məsələləri mediada” mövzusu üzrə Yay Təlim Proqramı təşkil edilib.

Keçən il həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə  Dövlət Komitəsinin təşkilatçılığı ilə İsmayıllıda jurnalistlər və sosial media blogerləri üçün təlim proqramı keçirilib. Məqsəd jurnalistlərin, eləcə də blogerlərin ailə, qadın və uşaq problemlərinin mediada düzgün işıqlandırılması istiqamətində bilik və  bacarıqlarının  artırılması olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında ailənin cəmiyyətdəki rolunu vurğulamış və milli-mənəvi dəyərlərin qorunmasının vacibliyini qeyd edib. Prezident bildirib ki ailə dəyərlərimiz bizim milli dəyərlərimizin əsas hissəsidir. Ailələrimiz nə qədər güclü olarsa, dövlətimiz də o qədər güclü olacaq. Bu gün ailə institutu üzərində təzyiqlər artır, bəzi ölkələrdə ailənin ənənəvi modeli pozulur. Biz öz milli ailə modelimizi qorumalıyıq və gənc nəslə bu dəyərləri aşılamalıyıq.

Prezident İlham Əliyevin fikrincə, medianın və sosial platformaların bu istiqamətdəki rolu müsbət yöndə istiqamətləndirilməlidir. O, vurğulayır ki, gənclərimiz yad ideoloji təsirlərdən qorunmalı və sağlam informasiya mühitində formalaşmalıdırlar.

Media yalnız informasiya yayıcısı yox, eyni zamanda cəmiyyətin tərbiyəçi institutudur. Cəmiyyətin sağlam gələcəyi isə bu institutun məsuliyyətli və milli maraqlara uyğun fəaliyyətindən çox asılıdır.

Güclü media – güclü ailə – güclü dövlət prinsipinə əsaslanan yanaşma, yalnız informasiyanın sürətli yayılması deyil, həm də mənəvi və etik dəyərlərin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Medianın bu vəzifəni yerinə yetirməsi üçün isə davamlı təlim, etik standartların gücləndirilməsi və ictimai maarifləndirmə mühüm vasitələr olmalıdır.

 

Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Azərbaycanda ailə dəyərlərinə qarşı hibrid təhdidlər” layihəsi çərçivəsində hazırlanıb. Əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.