Məharət dərəcələrinin verilməsi üçün qiymətləndirmədə fövqəladə hallar orqanlarının əməkdaşlarına bir sıra ümumi tələblər irəli sürülür. Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularına və xüsusi rütbəsi olan əməkdaşlarına məharət dərəcələrinin təyin edilməsi qaydası haqqında Əsasnamə”də öz əksini tapıb.

Kiçik və baş zabit heyəti “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”ni, Silahlı Qüvvələrin nizamnamələrini və fövqəladə hallar orqanlarının qanunvericiliyini bilməlidir. Onlar həmçinin öz xidməti hüquq və vəzifələrinə bələd olmalıdır. Xüsusi texnika, rabitə vasitələri, mühafizə və fəal müdafiə vasitələrinin tətbiq qaydalarını bilmələri tələb olunur. Mövcud texnika və rabitə vasitələrinin iş prinsiplərini və taktiki-texniki göstəricilərini bilməlidirlər. Kiçik və baş zabit heyəti öz işini planlamaq və xidmət üzrə hesabat aparmaq qabiliyyətinə malik olmalıdır. Onlar xüsusi texnika və rabitə vasitələrini işə hazırlamalı və sənədləşdirməyi bacarmalıdır. Təcili tibbi yardım gələnədək ilk tibbi yardım göstərmək bacarığı da tələb olunur.