Kiçik rəis heyəti üçün xüsusi bilik tələbləri müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına məharət dərəcələrinin təyin edilməsi qaydası haqqında Əsasnamə”də öz əksini tapıb.
Kiçik rəis heyəti “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunu, etik davranış qaydalarını və fövqəladə hallar orqanlarının qanunvericiliyini bilməlidir. Onlar həmçinin hadisə yerində öz vəzifə və davranış qaydalarını bilməlidir. Mövcud texniki və rabitə vasitələrinin iş prinsiplərini, taktiki-texniki göstəricilərini bilməli, onların istismarı və xidmət göstərilməsi qaydalarını mənimsəməlidirlər. Kiçik rəis heyəti fövqəladə hadisələr zamanı müstəqil istiqamət seçməyi bacarmalıdır. Düzgün qərar qəbul etmə və xidməti sənədləri düzgün tərtib etmə bacarıqları da onlardan tələb olunur. Mövcud texnika və xüsusi avadanlıqları işə hazırlayıb tətbiq etmək qabiliyyətinə sahib olmalıdırlar. Fərdi mühafizə vasitələrindən istifadə etməyi və təcili tibbi yardım gələnə qədər ilk tibbi yardım göstərməyi bacarmalıdırlar.