Azərbaycan qadını Azərbaycan ailəsində çox mühüm yeri və dəyəri olan, ailənin sabitliyi və uşaqlarının gələcəyi ilə bağlı onlara təlim tərbiyə verən ailənin əsas güc mənbəyidir. Hətta Azərbaycanda belə bir deyim var: “Hər güclü kişinin arxasında bir güclü qadın dayanır”. Təbii ki burada qadınların hansısa fiziki, ya da maddi gücündən söhbət getmir. Burada əsas faktor qadınların mənəvi gücüdür. Çünki bir qadın hər şeydən əvvəl bir anadır və tarix boyu yetişə qəhrəmanları da, liderləri də qadınlar- Analar böyüdüb öz cəmiyyətinə təqdim ediblər.
Onu da qeyd edək ki, bəşər övladı yaranandan bu günə qədər dünyadakı insanlar sivilizasiyanın müxtəlif mərhələlərindən keçiblər. Azərbaycanda isə qadına, anaya münasibət hər zaman yüksək olub.
Azərbaycan tarixində böyük rolu olan qadınlarımız
Azərbaycan tarixində rolu böyük olan qadınlarımız da az olmayıb. Uzun Həsənin anası Sara xatun nəinki dövlət idarə etməsində yaxından iştirak edirdi, hətta diplomatiya sahəsində də öz bilik və bacarığı sayəsində bütün ətraf ölkələrdə ad-san qazanmışdı. Hətta həmin dövrün tarixçiləri qeyd edirdilər ki, dövlət üçün mühüm əhəmiyyət kəsb edən toplantılarda Sara xatunun fikri hər zaman öz müdrikliyi və uzaqgörənliyi ilə seçilirdi. Azərbaycan tarixində həmçinin Nüşabə, Tomris, Xan qızı Natəvan kimi dövlət işləri ilə yaxından məşğul olan xanımlar olub. Onların hər biri öz yaşadığı mühitdə və dövlətdə öz ağıllı siyasətləri və uzaqgörən siyasətləri nəticəsində uğur qazanıblar. Tariximizə öz adlarını yaza biliblər.
Azərbaycan qadının ən yüksək keyfiyyətlərindən biri də öz ailəsinə və həyat yoldaşına sədaqətli olmasıdır. Məsələn bizim tarixi şəxsiyyətlərimiz olan Koroğlunun Nigarı, Qaçaq Nəbinin Həcəri öz həyat yoldaşları ilə həm də silahdaş olublar. Həm Nigar, həm də Həcər həyat yoldaşlarına təkcə ağır şəraitlərdə yaşamaqla yoldaşlıq etməyiblər. Onlarla döyüşlərdə də birgə iştirak edib, bir çox qəhrəmanlıq nümunələri yaradıblar.
Azərbaycanda ziyalı qadınlar da tarixən olub. İstər Nüşabə, istər Xan qızı Nətəvan, istərsə də məşhur şairə Məshəti Gəncəvi öz bilik və bacarıqları ilə insanları heyran ediblər. Onların bu xüsusiyyətləri sayəsində insanlar arasında böyük sevgi qazanıblar. Soraqları başqa ölkələrə də gedib çıxıb.
Onu da qeyd edək ki, Azərbaycanda tarixən də bu gün də qadına, qadın hüquqlarının qorunmasına böyük önəm verilib. Müsəlman Şərqində ilk dəfə 1918-ci ildə Azərbaycanda qadınlara seçki hüququ verilib. Eləcə də Azərbaycanda Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev tərəfindən Qızlar seminariyası açılıb ki, burada da məqsəd Azərbaycan qadınlarının təhsil alması və cəmiyyətin inkişafında yaxından iştirak etməsini təmin etmək olub. Azərbaycan qadınları elmi və mədəni mühitdə də fərqləniblər. Məsələn Nigar xanım Şıxlinskaya, Qəmər Almaszadə, Şövkət Məmmədova kimi xanımlar ötən əsrin əvvəllərində artıq cəmiyyətdə öz bilik və bacarıqlarına görə seçilib sayılırdılar. Qeyd edək ki, iyirminci əsr Azərbaycanında istər elm və texnologiya, istərsə də sənaye və kənd təsərrüfatı sahəsində çalışan və adını tariximizə yazan qadınlarımız olub. İlk hərbi təyyarəçimiz olan Züleyxa Seyidməmmədova kimi qadınlarımız bu gün də var. Ötən əsrdə Azərbaycan cəmiyyətinin istər həyatında, istərsə də tibb elminin inkişafında böyük xidmətləri olan xanımlardan biri görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva idi. Zərifə xanım minlərlə insanın gözünə nur verməklə yanaşı həm də gözəl həyat yoldaşı və ana idi.
Azərbaycan qadınlarının tarixi rolu bu gün də cəmiyyətimizin istər ictimai istərsə də mədəni həyatında davam edir. Bu gün Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti bütün dünya ölkələrinin birinci xanımlarına örnəkdir. Mehriban xanım öz həyat yoldaşı, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin ən yaxın silahdaşı kimi cəmiyyətimizin inkişafında böyük rol oynayır. Azərbaycanın mədəni və maddi irsinin dünyaya tanıdılmasında onun müstəsna xidmətləri var. Eləcə də onun rəhbərliyi altında hər il ölkəmizdə onlarla yeni məktəblər, uşaq bağçaları açılır. İşğalsan edilmiş Qarabağımızda məscidlər və digər mədəni abidələrimiz bərpa edilir. Mehriban xanımın çoxşaxəli fəaliyyəti və yorulmaz əməyi bizim gənclərimiz, qızlarımız üçün də bir örnəkdir.
Onu da qeyd edək ki, Azərbaycanda qadın hüquqları da ən yüksək səviyyədə təmin edilir. Bu sahədə mühüm qanunvericilik aktları qəbul edilib.
Arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz. Ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir. Ərin (arvadın) və ya onların hər ikisinin ərizəsi əsasında, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi əsasında nikaha xitam verilə bilər. Ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər. Ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər.
Nikahın etibarsız sayılması barədə işə baxılanadək nikahın bağlanmasına qanuna görə mane olan hallar aradan qalxdıqda, məhkəmə həmin halların aradan qalxdığı vaxtdan nikahı etibarlı hesab edə bilər.
Yetkinlik yaşına çatmayan ərin (arvadın) mənafeyi tələb etdikdə, eləcə də nikahın etibarsız sayılması barədə onun razılığı olmadıqda, nikah yaşına çatmayan şəxslə bağlanmış nikahın etibarsız sayılması barədə iddianı məhkəmə rədd edə bilər. Saxta nikaha daxil olmuş şəxslər məhkəmədə işə baxılana qədər faktiki olaraq ailə qurublarsa, məhkəmə nikahı saxta hesab edə bilməz. Ər-arvad arasında nikah bağlanması üçün qanunla qadağan olunmuş qohumluq halları və ya nikah bağlanarkən onlardan birinin başqa şəxslə pozulmamış nikahda olduğu hallar istisna olmaqla, əvvəllər pozulmuş nikah sonradan etibarsız sayıla bilməz. Nikahı etibarsız sayılmış şəxslərin birgə əldə etdikləri əmlaka Azərbaycan Respublikası Mülki Məcəlləsinin ümumi paylı mülkiyyət haqqında müddəaları tətbiq edilir. r (arvadın) ona vurulmuş maddi və ya mənəvi ziyanın mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydalar üzrə ödənilməsini tələb edə bilər. Nikah etibarsız hesab edildikdə, ər (arvad) nikah qeydə alınan zaman keçdiyi soyadı saxlaya bilər.
Qadının ailə münasibətlərində hüquq bərabərliyi
Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Ər (arvad) özünə məşğuliyyət, sənət və yaşayış yeri seçməkdə azaddır. Ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar.
Ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə, yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər. Nikaha daxil olanların biri və ya hər ikisi qoşa soyada malik olduqda soyadların birləşdirilməsinə yol verilmir. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişdirməsinə səbəb olmur.
Nikah pozulduqda ər (arvad) ümumi soyadlarını saxlamaq və ya nikahdan əvvəlki soyadını bərpa etmək hüququna malikdir.
Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Ailə kəndli təsərrüfatı üzvlərinin birgə mülkiyyəti üzərində ər-arvadın istifadə, sahiblik və sərəncam hüquqları Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq müəyyən olunur.
Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
Həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Yəni ölkəmizdə qadınlarımıza həm tarixən, həm də bugünkü günümüzdə böyük dəyər verilib və verilməkdədir. Müqəddəs dini kitabımızda da deyildiyi kimi “Cənnət anaların ayaqları altındadır”.
Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Azərbaycanda ailə dəyərlərinə qarşı hibrid təhdidlər” layihəsi çərçivəsində hazırlanıb. Əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.