İranın Ali Rəhbəri Seyid Əli Xamenei İsrail və ABŞ üzərində qələbə qazandıqlarını iddia edib.

Heftelik.az-ın məlumatına görə, Seyid Əli Xamenei bu barədə xalqa videomüraciətində bildirib.

Xamenei deyib ki, ABŞ Tehranla münaqişənin davam edəcəyi təqdirdə İsrailin tamamilə məhvə məhkum olduğunu anladıqdan sonra İranla müharibəyə başlayıb: “ABŞ İsrailin tamamilə məhv olacağından qorxduğu üçün müharibəyə girdi. ABŞ bu müharibədən heç bir uğur qazana bilmədi. Gələcəkdə İrana qarşı istənilən təcavüz baha başa gələcək”.

İranın Ali Rəhbəri eyni zamanda İranın nüvə obyektlərinin hücumlarda ciddi zərər görmədiyini qeyd edib: “Amerikalılar nüvə obyektlərinə hücumda mühüm bir iş görə bilmədilər. Tramp İranın nüvə obyektlərinə dəyən zərərin miqyasını şişirdib, əslində bu, kiçikdir. İranın düşmənləri raket və ya nüvə proqramı kimi bəhanələrdən istifadə edirlər, lakin əslində bizim təslim olmağımızı istəyirlər. ABŞ Prezidenti deyib ki, İran təslim olmalıdır, bu onun ağzı üçün çox böyük bir bəyanatdır. İsrail İrana hücumun baha başa gəldiyini öyrənməli idi”.