2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbarda partlayış hadisəsi baş verib.

Heftelik.az-ın xəbərinə görə, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, hüquq-mühafizə orqanlarının, Mədəniyyət Nazirliyinin əməkdaşları cəlb edilib.

Qeyd edilib ki, hazırda hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırmalar davam edir. Mədəniyyət Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən təhlükəsizlik tədbirləri görülür, əraziyə texniki ekspertlər cəlb olunub.

Əlavə məlumatlar rəsmi mənbələrdən daxil olduqca ictimaiyyətə çatdırılacaq.

 

***

saat 00.09

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ərazisində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Heftelik.az-ın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

***

26 iyun, saat 23.59

Paytaxtın Yasamal rayonunda yerləşən C.Cabbarlı adına kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışla əlaqədar polis əməkdaşları əraziyə cəlb olunub.

DİN-in Mətbuat Xidmətindən Heftelik.az-a bildirilib ki, hazırda təhlükəsizlik tədbirləri görülür. İlkin məlumata görə vətəndaşlardan xəsarət alan yoxdur, ərazi tam nəzarətə götürülməklə xidmət təşkil olunub.

Yanğının söndürülməsi istiqamətində müvafiq qurumlar tərəfindən tədbirlər görülür.

***

26 iyun, saat 23.52

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ərazisində yanğınla müşayiət olunan partlayışın baş verməsi barədə məlumat daxil olub.

Heftelik.az-ın xəbərinə görə, məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

Qeyd edilib ki, bəzi media resurslarında “Alov” zavodunda partlayış-yanğın baş verməsi barədə verilmiş məlumat həqiqətə uyğun deyil.