İyunun 29-da saat 23 radələrində paytaxtın Qaradağ rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər polis əməkdaşlarına müqavimət göstərməklə qaçmağa cəhd ediblər.

DİN-in Mətbuat Xidmətindən Heftelik.az-a  bildirilib ki, 29 yaşlı Tehran Məmmədov idarə etdiyi “VAZ-2104” markalı avtomobillə “saxla” əmrinə tabe olmayıb, idarəetməni itirərək yol kənarında olan maneəyə vurduqdan sonra polis əməkdaşlarına üzərində olan bıçaqla müqavimət göstərib,  dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq avtomobildə olan digər şəxslərin qaçması üçün qanunsuz tələblər irəli sürüb.

Polis əməkdaşı xidməti tabel silahı tətbiq etməklə onu zərərsizləşdirib, digər bir nəfər isə saxlanılıb.

Avtomobildən 10 kq narkotik vasitələr aşkar olunaraq götürülüb.

Fakta görə cinayət işi başlanıb, istintaq tədbirləri görülür.