Xəbər verdiyimiz kimi, bu gün Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diasporunun tanınmış lideri Şahin Şıxlınski zorakılıqla saxlanılıb.
Heftelik.az-ın məlumatınaa görə, Şahin Şıxlinski Azərbaycanın Qazax rayonundakı məşhur Şıxlinskilər nəslinin nümayəndəsidir.
Bu nəslin məşhur nümayəndələri sırasında Rusiya imperiyası ordusunda general-leytenant, Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi nazirinin müavini Əliağa Şıxlinski, Rusiya, Azərbaycan və İran ordusunda xidmət etmiş Cümhuriyyət ordusunun general-mayoru, Gəncə üsyanının əsas təşkilatçılarından Cavad bəy Şıxlinski, azərbaycanlı nasir, ədəbiyyatşünas, publisist, yazıçı, pedaqoq, ssenarist, 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq yazıçısı (1984), Azərbaycan SSR komsomolu mükafatı laureatı (1976), filologiya elmləri namizədi (1954), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986, 1990), Azərbaycan Yazıçılar İttifaqının sədri (1986–1987) olmuş İsmayıl Şıxlı, “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru (2001–2014), 1989-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, 2006-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı kimi simalar var.
Ural bölgəsində yaşayan azərbaycanlıların ictimai-siyasi həyatında mühüm rol oynayan Şahin Şıxlinski Azərbaycanın diaspor fəallarından biridir. O, 1966-cı il fevralın 20-də Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olub. 1995-ci ildə Yekaterinburqda Ural Dövlət Hüquq Akademiyasını bitirib, elmi dərəcə alaraq aspirantura təhsilini başa vurub.
1984–1986-cı illərdə Sovet ordusunda xidmət edən Şıxlinski daha sonra Rusiyada bir neçə mühüm biznes layihələrinə rəhbərlik edib. 2004-cü ildən etibarən Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Ural Federal Dairəsi üzrə sədri seçilib, 2007-ci ildən isə Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidentidir.
O, “Azərbaycan-Ural” milli-mədəni təşkilatının rəhbəri kimi Yekaterinburqda azərbaycanlı məktəblilər üçün şənbə məktəbləri, mədəni tədbirlər və ictimai aksiyalar təşkil edib. Humanitar yardımlar, o cümlədən Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə yardım aksiyaları da onun təşəbbüsü ilə həyata keçirilib.
Şıxlinski Azərbaycan və Rusiya tərəfindən bir sıra orden və medallarla təltif olunub. O, həmçinin doğulduğu kənddə – Qazaxın İkinci Şıxlı kəndində avtovağzal kompleksi tikdirərək yerli inkişafda da fəallıq göstərib.
Şahin Şıxlinski hazırda Rusiya və Azərbaycanın ictimai həyatında tanınan diaspora rəhbəri və iş adamı kimi fəaliyyət göstərib.
Qeyd edək ki, Şahin Şıxlinski 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Dostluq” ordeni ilə təltif edilmişdi.