Ailə hər bir cəmiyyətin əsas sütunlarından biridir. Əsrlər boyu formalaşmış Azərbaycan ailə modeli milli-mənəvi dəyərlərimizin daşıyıcısı olmuşdur. Lakin son illər bu modeldə ciddi dəyişikliklər müşahidə olunmaqdadır. Cəmiyyətin modernləşməsi, qloballaşma və sosial şərtlərin dəyişməsi ilə bərabər, ailə institutunda bəzi təhlükəli tendensiyalar baş qaldırır.

Boşanma problemi

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, son on ildə boşanma göstəricilərində əhəmiyyətli artım müşahidə olunur. Məsələn, 2010-cu ildə ölkədə 10 min nikaha 2,2 min boşanma düşürdüsə, 2023-cü ildə bu rəqəm 10 min nikaha 3,8 min boşanma təşkil edib.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü il ərzində ölkədə 49508 nikaha daxilolma və 21384 boşanma halları qeydə alınıb. 2023-cü illə müqayisədə 2024-cü ildə əhalinin hər min nəfərinə nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.  2024-cü ildə Naxçıvan Muxtar Respublikasında nikahların ümumi sayı 2247, boşanmaların sayı isə 969 olub.

Psixoloq Nigar Məmmədova bildirir ki, boşanmaların əsas səbəbləri arasında qarşılıqlı anlaşmazlıqlar, erkən evliliklər, iqtisadi çətinliklər və sosial mediadan təsirlənmiş reallıqdan uzaq gözləntilər dayanır.

Mili Məclis sədrinin birinci müavini Əliu Əhmədov isə fərqli düşünür. Onun sözlərinə görə, kifayət qədər yüksək həyat səviyyəsi olan ölkələrdə boşanmaların sayı Azərbaycandan qat-qat çoxdur: “Azərbaycanda əhalinin sosial qayğısı dövlətin əsas siyasətidir. İnsanın yaşayışının əsas mənbəyi əməkhaqqıdır. Əməkhaqqı ailə gəlirlərinin bir hissəsidir. Ailə gəlirləri digər mənbələr hesabına da formalaşır. Bura pensiyalar, təqaüdlər və s. daxildir. Boşanmaların ailənin sosial problıemləri ilə əlaqədar olmasını səhih hesab etmirəm. Azərbaycanda əhalinin əhəmiyyətli hissəsi dövlət tərəfindən güzəştlərlə əhatə olunur. Bundan başqa, çoxlu sayda qeyri-əmək pensiyası alan Azərbaycan vətəndaşları var. Bu da ailələrin gəlirlərini formalaşdırır. Digər tərəfdən çoxlu sayda torpaq sahəsi olan ailələri var ki, muzdlu əməklə məşğul olmaqla torpaqlarından gəlir əldə edirlər”.

 

Erkən və gecikmiş nikahlar arasında balanssızlıq

Erkən nikahlar sosial və hüquqi risklər yaradır. Erkən nikahların yaratdığı fəsadlara misal olaraq, təhsilsiz və hüquqsuz qalmış gənc qadınların həyat şəraiti və onların uşaqlarının gələcək sosiallaşma problemləri göstərilə bilər.

Hər il erkən evliliklərin sayı 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı ilə müəyyən edilir. “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə  Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatı”na əsasən, 2024-cü ildə 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 1279 nəfər olub.  2023-cü illə müqayisədə 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 463 nəfər azalaraq 1742-dən 1279-a düşüb. Qeyd edilib ki, respublikanın 14 iqtisadi rayonu üzrə 2024-ci ildə nikah yaşının 1 il azaldılması ilə bağlı daxil olan məlumatlar araşdırılıb, üzrlü səbəblər müəyyən edildikdən sonra 185 (2023-cü ildə 249 ) yetkinlik yaşına çatmayan şəxsə icra orqanları tərəfindən icazə verilib. Statistik rəqəmlər göstərir ki, nikah yaşının 1 il azaldılması ilə bağlı verilən icazələrin sayında 64 (nikah) azalma var.

Digər tərəfdən, gənclərin evliliyi gecikdirməsi ailə institutunun sabitliyinə mənfi təsir edir. Bu, həm ailələrin gec qurulmasına, həm də doğum səviyyəsinin azalmasına səbəb olur. Azərbaycanda doğum göstəriciləri 2005-ci ildə hər min nəfərə 18,2 idisə, bu rəqəm 2023-cü ildə 12,4-ə düşüb.

Uşaqların tərbiyəsində məsuliyyətin ötürülməsi

Müasir dövrdə bəzi valideynlər uşaqların tərbiyəsini əsasən məktəb və texnologiyalara həvalə edirlər. Bu da uşaqlarda mənəvi dəyərlərin zəifləməsinə, sosial məsuliyyətin azalmasına gətirib çıxarır. Uşaqların sosial şəbəkələrdə keçirdikləri vaxtın artması onların real münasibətləri dərk etməsinə və formalaşmasına mane olur.

Valideynlər bəzən düşünürlər ki, texnologiya uşağın inkişafına kömək edəcək. Ancaq bu, düzgün istiqamətləndirilmədikdə, uşaqda asılılıq yaradır və ailə ilə emosional bağ zəifləyir.

Kütləvi informasiya vasitələrində və sosial mediada ailə dəyərlərinə zidd nümunələrin təbliği, reallıqdan uzaq həyat tərzinin nümayişi gənclərdə ailəyə qarşı yanlış təsəvvür yarada bilər. Sosial mediada göstərilən ideal ailə modelləri və maddi rifah, cəmiyyətin geniş kütlələri üçün əlçatmaz olduğundan, bu fərq psixoloji narazılıq və depressiya yarada bilər.

Psixoloqlar qeyd edirlər ki, “Instagram və TikTok kimi platformalarda təqdim olunan mükəmməl ailə görüntüləri, reallıqla üst-üstə düşmədikdə, gənclərdə ailə qurmağa qarşı ümidsizlik və qorxu yaradır.”

Sosial şəbəkələr və televiziyada təqdim olunan həyat tərzi real həyatla ziddiyyət təşkil etdiyindən, ailə daxilində gözləntilər artır və real münasibətlər bu gözləntilərə cavab verməyəndə, məyusluq və konfliktlər yaranır.

Gənclər arasında  qeyri-rəsmi münasibətlərin artması ailə anlayışını dəyişdirir və qeyri-sabit münasibətləri normallaşdırır. Bu münasibətlərdə hüquqi və sosial təminat olmadığından, tərəflər arasında məsuliyyət hissi zəif olur.

Tək valideynli ailələrin artması uşaqların sosiallaşmasında problemlər yarada bilər. Psixoloqlar bu cür uşaqların yaşıdları ilə müqayisədə daha çox davranış və emosional problemlər yaşadığını qeyd edirlər. Uşağın ata və ya ana modelindən məhrum olması onun gələcək ailə münasibətlərinə yanaşmasını da mənfi təsir edir.

Ailədaxili zorakılıq və psixoloji travmalar

Daxili İşlər Nazirliyinin statistikalarına görə, təkcə 2023-cü ildə 4 mindən artıq ailədaxili zorakılıq faktı qeydə alınıb. Bu hallar təkcə qadınlara deyil, uşaqlara və bəzən kişilərə qarşı da baş verir. Zorakılıq ailənin psixoloji sabitliyini pozur və yeni nəslin travmalı formalaşmasına səbəb olur.

Baş Prokurorluğun məlumatına əsasən, 2024-cü il ərzində qeydə alınmış cinayət hadisələri üzrə 22325 zərərçəkmiş şəxsin 7130-u qadın olub. Zərərçəkmiş qadınlardan 3059-u xəsarət alıb, 268-i isə ölüb. Müqayisə üçün, 2023-cü ildə 24287 zərərçəkmiş şəxsin 7134-ü qadın olub.

Zərərçəkmiş qadınlardan 2996-sı xəsarət almış, 296-sı ölüb.  2024-cü il ərzində məişət zorakılığı ilə bağlı baş vermiş cinayət hadisələri üzrə 1471 (2023-cü ildə -1513) zərərçəkmiş şəxsdən 1228-i (2023-cü ildə – 1224) qadın olub, onlardan 1196-ı (2023-cü ildə – 1173) xəsarət alıb. 2024-cü ildə 22485 cinayət törətmiş şəxs müəyyən edilib, onlardan 1235-i qadın olub.

2023-cü ildə 25006 cinayət törətmiş şəxsdən 1299-u qadın olub.

2024-cü il ərzində rayon (şəhər) prokurorluqlarında 639 özünü öldürmə hadisəsi qeydə alınıb ki, onlardan 498-i kişi, 141-i qadın olub.

Keçən il Daxili İşlər Nazirliyində məişət zorakılığı ilə bağlı 9014 müraciət qeydə alınıb. 2023-cü ildə bu rəqəm 9389, 2022-ci ildə isə 9864 olub. Bu da məişət zorakılığı ilə bağlı müraciətlərin azaldığını göstərir.  Məişət zorakılığı ilə bağlı qeydə alınmış 1451 cinayətdən 1254-ü qəsdən sağlamlığa yüngül zərər vurma, 83-ü qəsdən sağlam lı-ğa az ağır zərər vurma, 42-i qəsdən adam öldürmə, 25-i qəsdən sağlamlığa ağır zərər vurma, 15-i adam öldürməyə cəhd, 14-ü əzab vermə, 18-i digər növlərdir. Həmin cinayətləri törətmiş 1283 şəxs (qadın – 62; kişi – 1221) şəxs məsuliyyətə cəlb olunub. Bu əməllər nəticəsində 1471 zərərçəkmiş şəxs (qadın – 1228; kişi – 243) müəyyən edilib. Bununla yanaşı 2 cinayət təkrar törədilib.

2024-cü ildə ailə münaqişəsi və qısqanclıq zəminində ölümlə nəticələnən 42 cinayət qeydə alınıb.

2024-cü ildə qadınlarla bağlı 6778 , o cümlədən zorakılıqla müşayiət olunan 2427 cinayət qeydə alınıb. Qısqanclıq, ailə münaqişəsi və məişət zəminli cinayətlərin sayı 1217, o cümlədən qadının cinsi toxunulmazlığı əleyhinə törədilmiş cinayətlərin sayı 171 fakt olub.

Qeyd edilib ki, 2023-cü ildə isə qadınlarla bağlı 6825, o cümlədən zorakılıqla müşayiət olunan 2344 cinayət qeydə alınıb. Qısqanclıq, ailə münaqişəsi və sairə məişət zəminli cinayətlərin sayı 1210, o cümlədən qadının cinsi toxunulmazlığı əleyhinə törədilmiş cinayətlərin sayı 147 fakt olub. Qadınlara qarşı törədilmiş cinayətlərlə bağlı 4468 şəxs müəyyən edilərək 61,4%-i (2745-i) məsuliyyətə cəlb olunub.

2024-cü ildə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 162 insan alveri cinayəti qeydə alınıb. Cinayətlərdən zərər çəkmiş 91 qurbandan 90-ı qadın olub.  52 özünü öldürmə həddinə çatdırma cinayəti qeydə alınıb, intihar etmiş şəxslərdən 35-i qadın 17-i kişi olub.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 8678 cinayət faktı aşkarlanıb. Həmin cinayətləri törətmiş 7193 şəxsin 96,9%-ni (6.970-i) kişilər, 3,1%-ni (223-ü) qadınlar təşkil edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən, 2024-cü ildə məişət zorakılığı ilə bağlı 594 müraciət daxil olub. Müraciət əsasında zorakılığa məruz qalanların 52-si kişi, 534-ü qadın, 436-sı uşaq, 8-i əlil, 5-i ahıl, 4-i şəhid ailəsi, müraciət əsasında zorakılıq törədənlərin isə 555-i kişi, 252-si qadın olub.

Müraciətlərin zorakılığın növlərinə görə təhlili göstərir ki, müraciət edənlərin 136-sı psixoloji, 403-ü fiziki, 45-i iqtisadi  və 10-u cinsi zorakılığa məruz qalıb.

Müqayisə üçün bildirək ki, 2023-cü ildə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 560 müraciət daxil olub, zorakılıq törədənlərin isə 497-si kişi, 133-u qadın olub. Bu da onun göstərir ki, 2024-cü ildə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı müraciətlərin sayı artıb.

Məişət zorakılığıyla əlaqədar mühafizə orderlərinin sayına baxsaq, məişət zorakılığından zərər çəkmiş şəxslərə verilən mühafizə orderlərinin 2024-cü ildə 325-i (2023-cü ildə 180-i)       qısamüddətli, 34-ü (2023-cü ildə 16-sı) uzunmüddətli olmaqla, ümumilikdə 359 (2023-cü ildə 196) mühafizə orderi icraatda olub. Onlardan 338-i (2023-cü ildə 187-si) qadınlar, 21-i (2023-cü ildə 9-u) kişilər barədə verilib. Keçən il 190 (2023-cü ildə 139) mühafizə orderinin icrası təmin olunaraq icraatlarına xitam verilib, 12 (2023-cü ildə 3) mühafizə orderinin icraatına digər əsaslarla xitam verilib. 28 (2023-cü ildə 14) mühafizə orderi “İcra haqqında” qanunun 7 və 9-cu maddələri ilə geri qaytarılıb, 18-i ərazi aidiyyəti üzrə göndərilmiş, 111 (2023-cü ildə 29) mühafizə orderi növbəti hesabat dövrünə qalıq keçib. Mühafizə orderinin icrası ilə bağlı icra məmurunun tələblərinin yerinə yetirilmə-məsinə görə məhkəməyə protokol verilməyib.

Uzunmüddətli mühafizə orderi üzrə məhkəmə qərarlarının icra edilməməsinə görə borclular barədə cinayət məsuliyyətinə cəlb edilmə ilə bağlı təqdimat verilməyib.

 

Ailə psixologiyası, ailədaxili münasibətlər və valideyn məsuliyyəti haqqında tədris və maarifləndirmə azlığı ailə daxilində anlaşılmazlıqlar və böhranların artmasına səbəb olur. Ailədaxili zorakılıq, boşanma, aliment və uşaq hüquqları kimi məsələlərdə qanunvericiliyin tətbiqi bəzən qeyri-effektiv olur. Bu da ailə üzvlərinin hüquqlarını qorumaqda çətinliklər yaradır.

Problemin həlli kompleks yanaşma tələb edir. Bunun üçün maarifləndirmə və təhsil proqramları əsas təşkil edilir. Məktəblərdə və ali təhsil müəssisələrində “ailə psixologiyası” və “ailə dəyərləri” mövzusunda tədris proqramlarının hazırlanması, ailədaxili zorakılığa qarşı qanunvericiliyin daha səmərəli tətbiqi, boşanmış və ya risk altında olan ailələr üçün psixoloji və hüquqi dəstək mərkəzlərinin artırılması vacib sayıla bilər. Bundan başqa, ailə dəyərlərini təbliğ edən maarifləndirici sosial reklamlar və verilişlər hazırlanmalıdır. Sosial şəbəkələrdə ailə dəyərlərinə uyğun pozitiv kontentin təşviqi, ailə quran gənclərə güzəştli ipoteka və sosial yardım mexanizmlərinin təkmilləşdirilməsi, regionlarda ailə həyatının dəstəklənməsi üçün sosial layihələr təşkil olunmalıdır. Qeyri-hökumət təşkilatları ailə institutunun qorunması üçün birgə maarifləndirmə və sosial dəstək layihələri həyata keçirməlidir.

Ailə yalnız şəxsi məsələ deyil – bu, cəmiyyətin və dövlətin sabahını formalaşdıran bir nüvəni təşkil edir. Onu qorumaq isə yalnız ailə üzvlərinin deyil, bütün cəmiyyətin məsuliyyətidir.

Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Azərbaycanda ailə dəyərlərinə qarşı hibrid təhdidlər” layihəsi çərçivəsində hazırlanıb. Əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.