Milli təfəkkür xalqın tarix boyu topladığı təcrübələrin, mədəniyyətin, adət-ənənələrin, milli qəhrəmanların, dini-mənəvi dəyərlərin və ümumi həyat tərzinin şüurda və davranışlarda əks olunmasıdır. Bu təfəkkür insanın öz millətinə aidiyyət hissini gücləndirir, onu digər xalqlardan fərqləndirən xüsusiyyətlər yaradır və milli kimlik anlayışını formalaşdırır.
Milli təfəkkür Azərbaycan xalqının kimliyini, mənəvi dəyərlərini və cəmiyyət içində birliyini qoruyan vacib amildir. Ailə institutu, toy, nişan, Novruz bayramı kimi mərasimlər milli təfəkkürün gündəlik həyatda təzahürüdür. Bu adətlər nəsildən-nəslə ötürülərək xalqın mənəvi irsini qoruyur.
Xalqın gələcəyinin təminatçısı
Hər bir insanı yaşadığı cəmiyyət və ölkə üçün dəyərli edən əsas faktor onun bir fərd və vətəndaş olaraq cəmiyyətə yararlı insan olmasıdır. Cəmiyyətə yararlı insanı yetişdirmək isə olduqca mürəkkəb və tərbiyəvi xarakterli məsələdir. Doğrudur bəzi ekspertlərin cəmiyyət üçün formalaş insanın davranışına və xarakterinə yaşadığı mühitin böyük təsiri olduğunu bildirirlər, bununla belə bugünkü günümüzdə də bu sahədə ailə faktoru əsas amil kimi qalmaqdadır. Bu baxımdan da gənclərimizə milli dəyərlərimizi aşılamaq vacib faktordur. Onu da qeyd edək ki, elmin və texnologiyanın sürətlə inkişaf etdiyi bir vaxtda keçmişdən qalan bəzi adət və ənənələr tarixin arxivinə getsə də, gənclərin vətənpərvər ruhda böyüdülməsi hələ də Azərbaycan üçün vacib faktor olaraq əsas yerdədir. Çünki gənclərin milli ruhda böyüdülməsi bir xalqın milli kimliyi və milli təhlükəsizliyinin qorunması baxımından vacib amildir. Azərbaycanda bununla bağlı dövlət siyasəti həyata keçirilir. Hər il fevralın 2-i Azərbaycanda Gənclər Günü kimi qeyd edilir.
Onu da qeyd edək ki, gənclərin milli təfəkkürünün formalaşdırılması üçün bu istiqamətdə davamlı olaraq təbliğat xarakterli tədbirlərin həyata keçirilməsi, gənclərə milli dəyərlərin aşılanması üçün məktəblərdə mütəmadi olaraq vətənpərvərlik dərslərinin keçirilməsi, Birinci Qarabağ müharibəsinin və 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsinin qəhrəmanlarının tanıdılması istiqamətində hər il ayrı-ayrı dövlət qurumları, həm də vətəndaş cəmiyyətini təmsil edən ictimai birliklər və təşkilatlar tərəfindən maarifləndirici və tanıtım tədbirləri keçirilir.
Azərbaycanın ərazilərinin işğaldan azad edilməsindən sonra hər il Şuşada gənclərin yay məktəbləri təşkil edilir. Həmçinin gənclər arasında vətənpərvərliyi aşılamaq üçün müxtəlif səpkili tədbirlər, konfrans və sərgilər keçirilir.
Həmçinin ölkədə həyata keçirilən gənclər siyasətinin tərkibi olaraq dövlət qurumlarında gənclərin təmsil olunması və ictimai proseslərdə yaxından iştirakı təmin edilir. Çünki gənclər hər bir xalqın gələcəyinin təminatçısıdır. Azərbaycan xalqının da, Azərbaycan dövlətinin də gələcəyi gənclərimizin əlindədir. Bir xalqın gələcək varlığı onun gənc nəslin tərbiyəsi, dünya görüşü və mənəvi dəyərlərlə zənginləşdirilməsiylə bağlıdır. Azərbaycan xalqı ta qədimlərdən bu günə qədər öz milli dəyərlərinə, adət və ənənələrinə, torpağa, vətənə sevgi hisslərinə bağlı olub. Heç təsadüfi deyil ki, bizim xalqımızın Koroğlu, Babık, Qaçaq Nəbi kimi tarixi qəhrəmanları ilə yanaşı yaşadığımız müasir dünyada general Polad Həşimov, polkovnik İlqar Mirzəyev, Mübariz İbrahimov, Cəbrayıl Dövlətzadə, Xudayar kimi sayı minlərlə olan, döyüşlərdə göstərdikləri qəhrəmanlıqlar dillərə dastan olan qəhrəman oğullarımız var və onlar vətən torpaqları uğurunda öz canlarından keçiblər.
2020-ci ildəki 44 günlük Vətən Müharibəsi bir daha sübut etdi ki, gənclərin yetişdirilməsində milli ruh amili əsas şərtdir. Milli ruh bir xalqın mədəni irsi, tarixi, mədəniyyəti, ədəbiyyatı, dini əqidəsi, qəhrəmanlıq səlnamələri və dövlətçilik təfəkkürünün olmasıdır. milli ruhu olan insan öz xalqına, Vətəninə, milli dəyərlərinə və ailəsinə sadiq bir fərd kimi formalaşır. Bu cür insanların cəmiyyətin inkişafında böyük rolu olur.
Ailə amili
Təbii ki, hər bir fərdin yetişdirilməsi onun ailəsinə bağlı məsələdir və gənclərim milli ruhda böyüdülməsində ailənin rolu müstəsnadır. Hər bir ailə orada böyüyən uşaqlara öz milli kimliyinin və tarixi köklərini aşılamalıdır.
Azərbaycan cəmiyyətində ailə təkcə sosial institut deyil, həm də milli-mənəvi dəyərlərin ötürüldüyü ilk və ən güclü məktəbdir. Gənclərin milli təfəkkürünün – yəni xalqın dilinə, dininə, tarixinə, adət-ənənələrinə, vətənə və milli dəyərlərə bağlı düşüncə tərzinin – formalaşmasında ailənin rolu əvəzolunmazdır. Bu proses uşaqlıqdan başlayır və ailə mühitində aldığı tərbiyə, gördüyü nümunələr onun gələcəkdə vətəndaş kimi milli kimlik şüuruna necə sahib olacağını müəyyənləşdirir.
Ailədə uşaqlara dil öyrədilir, adət-ənənələr aşılanır, dini və milli bayramların mənası izah edilir. Novruz bayramı, Aşura mərasimləri, toy və yas adətləri, ailə içindəki münasibətlər – bütün bunlar uşağın milli təfəkkürünün ilkin bünövrəsini yaradır.
Psixoloji araşdırmalara əsasən, uşaqların davranışlarının 70%-i gördükləri nümunələrin təkrarıdır. Bu səbəbdən ailədə ata və ananın milli-mənəvi dəyərlərə sadiqliyi uşaqlarda da bu keyfiyyətlərin inkişafına səbəb olur. Məsələn, bir valideyn əgər Azərbaycan tarixindən danışırsa, şəhidlərə və qazilərə hörmət göstərirsə, bu, uşağın şüurunda vətənpərvərlik hissini gücləndirir. Valideynlərin Azərbaycan dilində səlis danışması və bu dilin evdə əsas ünsiyyət vasitəsi kimi istifadəsi uşağın milli kimliyinin formalaşmasına təsir edən amillərdəndir. Ana dili təkcə ünsiyyət vasitəsi deyil, həm də bir millətin düşüncə tərzini, dünyagörüşünü formalaşdıran amildir. Uşağın ilk sözləri, ilk nağılları və ilk oxuduğu kitablar onun milli təfəkkürünün formalaşmasına xidmət edir.
Uşağın ailədə böyüdüyü mühit onun Vətənə və millətə münasibətini də formalaşdırır. Ailə üzvlərinin vətənpərvərliyi, torpaq sevgisi, şəhidlərə və qazilərə hörmətlə yanaşması, ailə içində bu dəyərlər ətrafında söhbətlərin aparılması gəncin milli şüurunu yüksəldir.
Qarabağ müharibələri və əldə edilmiş Zəfər Azərbaycan xalqının milli şüurunda xüsusi yer tutur. Bu hadisələrin ailə daxilində övladlara izah edilməsi onların tariximizə bağlı, Vətəninə sevgi ilə yanaşan fərdlərə çevrilməsində mühüm rol oynayır. Şəhidlərin qəhrəmanlıq hekayələrinin uşaqlara danışılması milli təfəkkürün emosional və vətənpərvərlik komponentlərini gücləndirir. Bu qəhrəmanlıq nümunələrinin uşaqlara təbliğ olunması milli ruhun möhkəmlənməsinə səbəb olur.
Əgər ata və ana öz milli dəyərlərinə sadiq, tarixə və adət-ənənələrə hörmətlə yanaşan insanlar kimi nümunə olurlarsa, bu, gənclərin də həmin dəyərləri mənimsəməsinə səbəb olur.
Məsələn, Novruzda tonqalın ətrafında ailənin bir yerə toplanması, səməni və yumurta boyanması kimi adətlər uşaqlara tarix və mədəniyyətlə canlı təmas imkanı yaradır.
Eyni zamanda, valideynlər uşaqlara tariximizi, mədəniyyətimizi, milli qəhrəmanlarımızı tanıtdıqda, onlar öz kimliklərini dərk etməyə başlayırlar. Məhz bu şəkildə gənc “kiməm?”, “haradan gəlmişəm?”, “nəyə bağlıyam?” suallarına cavab tapır.
Qloballaşma və gənclik
Onu da qeyd edək ki, qloballaşan bu günkü dünyamızda milli dəyərlərin qorunması da, gənclər arasında təbliği də bir qədər çətin məsələdir. Çünki hazırkı dünya realdan çox virtual şəbəkələrə bağlı olduğundan gənclər arasında virtual şəbəkələrdən asılılıq da böyük yer tutur. Həmçinin bu vasitələr gənclərə başqa xarici ölkələrdə olan meylərin aşınması sahəsində aktivdir.
Qloballaşma dövründə milli təfəkkür xarici təsirlərə qarşı müqavimət funksiyası daşıyır. Sosial şəbəkələr və kütləvi informasiya vasitələri vasitəsilə yayılmış yad mədəniyyət elementləri bəzən milli dəyərlərlə ziddiyyət təşkil edir. Bu baxımdan, milli təfəkkür gənclərə aşılanmalı, təhsil və mədəniyyət siyasəti vasitəsilə möhkəmləndirilməlidir.
Müasir dövrdə sosial şəbəkələrin, qloballaşmanın və yad mədəniyyət axınlarının təsiri altında ailələrin üzərinə daha böyük məsuliyyət düşür. Əgər ailə uşağı milli ruhda tərbiyə etməzsə, o, virtual aləmdə itir və yad mədəniyyətlərin təsiri altına düşə bilər. Bu baxımdan ailə yalnız tərbiyə verən yox, həm də qoruyucu funksiyanı yerinə yetirir – milli şüuru yad təsirlərdən qoruyur.
Eyni zamanda media resurslarında və sosial şəbəkələrdə gənclərin milli təfəkkürlü və vətənpərvər fərdlər olaraq böyüməsi üçün müxtəlif səpkili layihələr həyata keçirilə bilər.
Təhsil sistemi milli təfəkkürün formalaşdırılmasında əsas vasitələrdən biridir. Tarix, ədəbiyyat, vətənpərvərlik tərbiyəsi və ailə dəyərləri məktəbdə və ali təhsil müəssisələrində şagird və tələbələrə aşılanmalıdır. Dövlətin bu sahədə həyata keçirdiyi layihələr – “Vətənə xidmət”, “Milli-mənəvi dəyərlərin təbliği” proqramları bu istiqamətdə mühüm addımlardır.
Xalqın keçmişini, bu gününü və gələcəyini birləşdirən körpü
Bu baxımdan da ekspertlər həm vətəndaş cəmiyyətinin, həm gənclər siyasətinin həyata keçirilməsində məsul olan dövlət qurumlarının media resursları ilə qarşılıqlı əməkdaşlıq şəraitində müxtəlif səpkili layihələr həyata keçirməsini vacib sayırlar. Bugünkü gənclik bizim sabahkı gələcəyimizdir. Gələcəyimizi yaxşı görmək istəyiriksə gənclərimizi düzgün tərbiyə etməli, onlara milli dəyərlərimizi, adət-ənənələrimizi vaxtında aşılamalıyıq.
Azərbaycanda milli təfəkkür xalqın keçmişini, bu gününü və gələcəyini birləşdirən bir körpüdür. Onun qorunması və inkişafı Azərbaycan cəmiyyətinin sabitliyi, milli birliyi və mədəni özünüdərki üçün həyati əhəmiyyət daşıyır. Milli təfəkkür yalnız keçmişin xatırlanması deyil, həm də gələcəyə yönəlmiş mənəvi iradə və milli kimlik nüvəsidir.
Gənclərin milli təfəkkürünün formalaşmasında ailə həlledici rol oynayır. Bu, təkcə tərbiyə və öyrətmə deyil, həm də sevgi və nümunə ilə yönəltmə prosesidir. Milli dəyərlərin qorunması, gələcək nəsillərə ötürülməsi, vətənpərvər gənclərin yetişdirilməsi ailədə başlayır. Güclü ailə – güclü milli təfəkkür, güclü təfəkkür isə güclü gələcək deməkdir.
Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Azərbaycanda ailə dəyərlərinə qarşı hibrid təhdidlər” layihəsi çərçivəsində hazırlanıb. Əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.