
Heftelik.az xəbər verir ki, artıq qeyd edilən taksi operatorlarının sürücüləri şəxsiyyətlərini SİMA-nın KYC (Müştərini tanı) rəqəmsal həlli vasitəsilə təsdiq edərək fəaliyyət göstərəcəklər.
Rəqəmsal identifikasiya – üztanıma yoxlamasını uğurla keçən sürücülərin taksi fəaliyyəti ilə məşğul olmasına icazə veriləcək. Profil sahibinin fotosu ilə sürücünün siması eyniləşmədiyi təqdirdə həmin profil bloklanacaq. Bununla da uyğun olmayan şəxslərin sürücü kimi işləməsinin və qeyri-qanuni profil istifadəsinin qarşısı alınacaq.
Yeniliyin əsas məqsədləri:
– Üztanıma texnologiyası ilə nəzarət mexanizmini gücləndirmək;
– Uyğunluğu təsdiqlənmiş sürücülərin taksi fəaliyyətinə şərait yaratmaq;
– Sürücü profilinin digər şəxslərə ötürülməsinin qarşısını almaq;
– Sərnişinlərin təhlükəsizliyini təmin etmək və ictimai etimadı artırmaq.
İnteqrasiya nəticəsində “Bolt”, “Uber” və “Yango” sürücülərindən bir neçə mərhələdə və müxtəlif zaman aralığında üztanıma testindən keçməsi tələb oluna bilər. Həmin mərhələlər aşağıdakı kimidir:
Oxumağa dəyər: Salyanda 3 nəfərin su kollektorunda boğularaq ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb
– Tətbiqə ilkin qeydiyyat zamanı;
– Sistemə yenidən daxil olduqda;
– Sifariş tələbi gələn zaman (alqoritm əsasında).
Qeyd edək ki, taksi fəaliyyəti ilə bağlı bu yenilik “AzInTelecom” MMC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin birgə əməkdaşlığı çərçivəsində tətbiq edilib.
“SİMA KYC” haqqında
“SİMA KYC” (Know Your Customer – Müştərini Tanı) rəqəmsal həlli AZCON Holding şirkətlərindən olan “AzInTelecom” tərəfindən 2023-cü ildə yaradılıb. Bu həll üz cizgiləri əsasında biometrik identifikasiya apararaq istifadəçinin kimliyini müəyyən edir. “SİMA KYC” şəxsiyyətin təsdiqlənməsi üçün lazım olan bütün proseslərdə istifadə oluna bilər.