Müsahibimiz “PR Point Baku”nun təsisçisi və PR və şəxsi brendinq meneceri Aida Ramizdir.
– Öncə oxuculara şəxsi brendinq haqqında məlumat verərdiniz. Şəxsi brendinq nədir və sizcə niyə bu qədər aktuallaşıb?
– Şəxsi brendinq özün haqqında başqalarının nə danışdığını eşitmədiyin otaqlarda formalaşan imicdir. Artıq bir diplom və ya CV kifayət etmir, insanlar sənin nə etdiyini yox, kim olduğunu və necə görünmək istədiyini soruşurlar. Brend olmaq fərqlənməkdir, öz mövqeyini göstərməkdir. Fərqlənə bilməyən itir, görünməyən isə sadəcə silinib gedir.
– Bir şəxsi brend meneceri olaraq “özünü satmaq” ifadəsi doğrudurmu, yoxsa bu anlayışla bağlı yenidən düşünülməlidir?
– Bu ifadə çox zaman yanlış anlaşılır. Elə bil insanlar düşünür ki, brend olan adam özünü bazara çıxarır. Halbuki burada söhbət öz dəyərlərini, bacarıqlarını düzgün təqdim etməkdən gedir. Bu, özünü satmaq deyil, özünü mövqeləndirməkdir. İnsanlara deməkdir ki, mən bu sahədə bu problemi həll edə bilirəm. Əslində bu, özünü tanıtmaq mədəniyyətidir.
– Bir şəxsin şəxsi brendi olmadıqda hansı imkanları qaçıra bilər?
– Əgər sən danışmırsansa, sənin haqqında başqaları danışacaq və bəlkə də səni tam fərqli şəkildə təqdim edəcəklər. Brendi olmayan insanlar iş imkanlarını əldən verir, tədbirlərdə yadda qalmır, “birini tanımırsan?” sualında heç vaxt ağıla gəlmirlər. Brendin yoxdursa, sadəcə iş görürsən. Amma brendin varsa, işin sənə qapılar açır.
-Brend olmaqla maddi qazanc arasında necə bir əlaqə var?
– Xeyli birbaşa və real bir əlaqə var. Əgər insanlar sənə güvənirsə, dəyərini bilirsə, istədiyin qiymətə istədiyin işi təqdim edə bilirsən. Eyni işi görən iki nəfərdən biri daha çox qazanırsa, səbəb onun haqqında danışılmasıdır. Brend olan şəxs qiymətini özü təyin edir, olmayan isə digərlərinin şərtlərinə razı olur. Şəxsi brend etibar gətirir, etibar isə qazancı.
-Şəxsi brend qurmaq istəyənlərin ən çox etdiyi səhvlər nələrdir?
-İnsanlar çox zaman hamı üçün maraqlı olmaq istəyirlər. Amma bu yanaşma nəticədə heç kim üçün maraqlı olmamağa gətirib çıxarır. Digər səhv isə “kopyalamaqdır”. Kiminsə danışıq tərzini, üslubunu, postlarını kopyalayırsansa, o zaman əsl sən olmursan. Üçüncü səhv isə davamlı olmamaqdır. Bir neçə postla mövcud olmaq olmaz. Şəxsi brend bir prosesdir, marafondur və bu ani yox, davamlı olmalıdır.
-Sosial media bu prosesdə nə qədər güclü vasitədir və haradan başlamaq daha doğrudur?
– Sosial media sənin rəqəmsal CV-indir. İnsanlar sənin haqqındakı ilk təəssüratı orada alır. “Instagram” sənin vizual tərəfini, “LinkedIn” peşəkar tərəfini, “TikTok” isə gündəlik enerjini göstərir. Başlamaq üçün ən vacibi profilini düzəltməkdir. Adın, bio, şəkil bunlar ilk 5 saniyədə formalaşan imicindir. Sonra isə səmimi paylaş, real ol və bir istiqamət seçərək o mövzuda dəyər yarat.
-Onlayn imiclə real şəxsiyyət arasında balansı necə qorumaq olar?
-İnsanlar artıq mükəmməl görünən profillərə deyil, real və səmimi insanlara bağlanırlar. Onlayn imic bir az filtrli ola bilər, amma orada olan şəxsiyyət reallıqla üst-üstə düşməlidir. Əgər kimsə sənin Instagramda gördüyü ilə realda tanış olanda təəccüblənirsə, bu artıq balansın pozulmasıdır. Mən sosial mediada da çay içirəm, zarafat edirəm, peşəkar da oluram, çünki bu mənə aiddir.
-Şəxsi brendin uzunömürlü olması üçün hansı strategiyalar vacibdir?
-Brend trend deyil, dəyər üzərində qurulmalıdır. Sənin dəyərlərin, nəyə inandığın, necə düşündüyün bu brendi yaşadan əsaslardır. Auditoriyanı tanımaq, özünü tanıtmaq və eyni zamanda dövrə uyğunlaşmaq çox vacibdir. Yəni sən həm özün olaraq qalmalısan, həm də dəyişən dünyada yenilənməyi bacarmalısan. Brend hər ay yeni formatlar istəyir, amma eyni ruhla.
-Yeni başlayanlara şəxsi brend qurmaq üçün ilk tövsiyəniz nə olar?
-Özünü bir cümlə ilə ifadə edə bilmək çox önəmlidir. Məsələn mən deyirəm: sadəcə danışmaq deyil, fərqli danışmaq lazımdır. Bu cümlə mənim enerji kodumdur. Başlamaq üçün ideal paylaşım gözləmə, səmimi ol və paylaş. İnsanlar mükəmməl kontenti yox, real səni görmək istəyir. Səni müxtəlif formatlarda ifadə etməyi öyrən -video, bio, status, təqdimat, hekayə. Çünki brend təkcə sənin nə danışmağınla yox, necə danışmağınla yaranır.