Qloballaşan dünyada elmin və texnologiyanın sürətli inkişafı, internetin təkcə insanların işinə deyil, həyat tərzinə də təsiri bir çox müsbət tərəfləri ilə yanaşı cəmiyyətin gələcək inkişafı, xüsusi ilə də Azərbaycan kimi milli və ailə dəyərləri möhkəm olan ölkələrdə narahatçılıqlar da yaratmamış deyil.

Qeyd edək ki, Azərbaycanda ta qədimlərdən bu günə qədər istər ailənin formalaşmasında, istərsə də gənclərin təlim-tərbiyəsində milli dəyərlərin öz yeri və rolu olub. Hər bir insanın cəmiyyətdəki davranışlarını tənzimləyən qanunlarla yanaşı, xalqın milli adət-ənənələrindən irəli gələn yazılmamış qanunlar da həyatımızın bir parçasına çevrilib.

 

Yazılmamış qanunlar

 

Hər bir xalqın hüquqi sistemi ilə yanaşı, onun tarixdən, mədəniyyətdən və ənənələrdən irəli gələn, yazılmasa da, cəmiyyət tərəfindən qəbul edilən və riayət olunan “yazılmamış qanunlar”ı mövcuddur. Azərbaycan xalqı da əsrlər boyunca formalaşmış milli adət və ənənələr əsasında davranış normaları və sosial münasibətlər sistemini qurub. Bu dəyərlər nə qanun kitabında yazılıb, nə də rəsmi qərarlarla təsdiqlənib, amma onların qüvvəsi zaman-zaman hər bir ailədə, kənddə, məclisdə özünü göstərib.

Azərbaycan xalqının ən qədim və möhkəm yazılmamış qanunlarından biri böyüyə hörmət prinsipidir. Ailədə, küçədə, ictimai yerlərdə, ailə toplantılarında yaşca və mövqecə böyük olan şəxslərə xüsusi ehtiram göstərmək dəyişməz bir davranış qaydasıdır. Uşaqlar böyüklərin yanında səsini qaldırmaz, valideynin sözü hökm kimi qəbul olunur, məclisdə ağsaqqala söz verilmədən başqası danışmaz. Bu qayda yazılmasa da, onun pozulması cəmiyyətdə hörmətsizlik və tərbiyəsizlik kimi dəyərləndirilir.

Qonşuluq münasibətləri Azərbaycan cəmiyyətində çox dərin və həssas zəmində dayanır. Səhər erkən saatlarda səs-küy salmamaq, yas yerinə gedərkən yüksək səslə danışmamaq, qonşu evdə hər hansı məclis, tədbir varsa, bu barədə qonşuları əvvəlcədən xəbərdar etmək, qonaqlıqlarda pay göndərmək – bunların heç biri rəsmi qaydalarda yazılmayıb. Amma hər bir ailə bu davranışları instinktiv şəkildə qəbul edir və icra edir.

Kasıb, tənha, qoca və kimsəsiz insanlara yardım etmək yazılmamış, lakin vicdan qanunu kimi qəbul edilən bir normadır. Bayramlarda, yaslarda, qurban payında bu insanlar xüsusi olaraq yad edilir. Qonşuda çörək yoxdursa, bu, təkcə onun problemi yox, bütün məhəllənin məsuliyyəti sayılır. Bu davranış forması həm milli birliyimizi, həm də sosial həmrəyliyimizi göstərir.

Azərbaycanda toy və yas mərasimləri təkcə ailəvi hadisə deyil, həm də yazılmamış ictimai öhdəlikdir. Yas düşən evə qonşular və qohumlar yardıma gəlir, süfrənin hazırlanmasında iştirak edir, səssiz dəstək verir. Toy zamanı da bu ənənə qorunur – qohumlar və dostlar maddi-mənəvi dəstək göstərməyə borclu sayılır. “Getməsəm, ayıb olar”, “kömək etməsək, düz çıxmaz” kimi ifadələr bu yazılmamış qanunun sadə təzahürləridir.

Əgər birinə əmanət verilmişsə – bu, pul, əşya və ya sadəcə bir söz, bir sirr ola bilər – həmin şəxs onu qorumağa borcludur. Əmanətə xəyanət etmək, sözü pozmaq, sirri yaymaq cəmiyyət tərəfindən qəbulolunmaz sayılır. Hətta heç bir məhkəmə bu davranışı cəzalandırmasa da, xalqın içində “sözünə etibar yoxdur” damğası vurulan şəxsin nüfuzu itir.

 

Yeni reallıqlardan qaynaqlanan təsirlər

 

Dəyişən dünyada gənclərim təlim-tərbiyəsində milli dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi ilə bağlı müəyyən problemlər var. Çünki elmin və texnologiyanın inkişafı ailələrin gündəlik həyat tərzinə olduğu kimi gənclərin təlim-tərbiyəsinə də bu və ya digər şəkildə təsir edir. Daha çox narahatçılıq doğuran məqamlar isə gənclərin ünsiyyət qurduğu sahədə ortaya çıxır. Belə ki internetin, daha dəqiq desək sosial şəbəkələrin həyatımıza daxil olması özü ilə çox saylı problemlər gətirib.

 

Valideyn-övlad münasibətləri

 

Valideyn-övlad münasibətləri, bir tərəfdən sevgi və qayğıya, digər tərəfdən isə məsuliyyət və nəzarətə əsaslanır. Nəzarət sadəcə uşağın davranışlarını izləmək deyil, onun düzgün inkişaf yolunda yönləndirilməsi, təhlükələrdən qorunması və sağlam şəxsiyyət kimi formalaşdırılmasıdır. Azərbaycan ailə modelində bu məsuliyyət dərin mənəvi əsaslara söykənir.

Keçmişdə valideynlər övladlarının hərəkətlərinə fiziki olaraq daha yaxından nəzarət edirdilər. Uşağın kiminlə dostluq etməsi, harada oynadığı, dərsləri necə oxuduğu bilavasitə müşahidə olunurdu. “Oğlum hardadır?”, “Qızım kimlə oturub-durur?” kimi suallar ailə həyatının ayrılmaz hissəsi idi. Eyni zamanda valideynlər uşağın ruh halını, davranışlarındakı dəyişikliyi diqqətlə izləyərək nəsihət yolu ilə təsir göstərirdilər.

Yəni əvvəllər valideynlərin uşaqlara nəzarət mexanizmi daha sadə idi. Hər bir uşaq və yeniyetmənin bağçaya getməsindən tutmuş kiminlə dostluq etməsinə qədər hər şey valideyn nəzarəti altında baş verirdi. Sosial şəbəkələrin insanların həyatına daxil olması yetkin insanlar kimi gəncləri də real həyatdan uzaqlaşdırıb. Virtual dostluqların yaranması təhsil, iş və digər sahələrdə ünsiyyətin yaranması və inkişaf etdirilməsi baxımından əhəmiyyətli olsa da, bu, bəzi hallarda gənclərin xoşagəlməz təsirlər altına düşməsinə səbəb olur.

 

Texnologiyanın və sosial medianın inkişafı valideyn nəzarətini daha mürəkkəb hala gətirib. Uşaqların virtual aləmdə sərbəst hərəkət etməsi, internetdə qeyri-etik məzmunlara çıxış imkanları, tanımadıqları şəxslərlə ünsiyyətləri nəzarətin yeni formalarını tələb edir. Artıq sadəcə “evdədirmi?” sualı kifayət etmir – “nə izləyir?”, “kimlə yazışır?”, “nə paylaşır?” sualları da gündəmdədir.

Bu baxımdan da son illər istər yeniyetmə və gənclərin evdən qaçması və ya xoşagəlməz təsirlərin altına düşməsi halları artıb. Eləcə də yeniyetmə və gənc qızların virtual tanışlıqlar sayəsində kimlərləsə tanış olması, evlənmək adı altında evdən qaçması və ya tanımadığı adamların xoşagəlməz məqsədlərinin qurbanına çevrilməsi halları baş verir. Bu baxımdan da “İnformasiyanın sürətlə artdığı və sosial şəbəkələrin həyatımızın ayrılmaz parçasına çevrildiyi bir dövrdə gənclərimizi xoşagəlməz təsirlərdən necə qoruya bilərik?” saualına ekspertlərin yanaşması fərqlidir. Bəzi ekspertlər birmənalı şəkildə uşaqların sosial şəbəkələrdən kənar tutulması üçün onlara telefon, kompüter, planşet və digər bu kimi texniki vasitələrin qadağan edilməsinin zərurətə çevrildiyini bildirsələr də, bu variant da çox zaman lazımı effekt vermir. Çünki hazırkı tədris prosesində uşaqların müəyyən texnoloji vasitələrdən istifadə etməsi zərurəti yaranır. Digər tərəfdən isə uşaqlar belə qadağalar qoyulanda valideynlərindən gizlin variantlara da əl ata bilirlər.

Məsələn, son illər baş verən məişət zorakılıqlarının statistikasında bu kimi hallara da rast gəlinir. Valideynlərin xəbəri və icazəsi olmadan gənclərin telefon və digər texniki vasitələrdən istifadə etməsi təkcə onları hansısa hadisələrin hədəfinə çevirmir, bəzən bu həmin gənclərin gələcəyi ilə bağlı da suallar yaradır. Onların həyatını xoş olmayan yöndə dəyişdirir. Ona görə də bəzi sosioloqlar elm və texnologiya inkişaf etdikcə gənclərə nəzarətin daha da azalacağını düşünürlər.

 

Bu baxımdan da müasir gənclərin təlim tərbiyəsində ailənin rolu daha vacib faktor kimi önə çəkilir. Eyni zamanda sosioloqlar sosial şəbəkələrin tənzimlənməsi ilə bağlı müəyyən qanunvericilik mexanizmlərinin tətbiq edilməsini labüd sayırlar. Buna nümunə olaraq inkişaf etmiş Avropa ölkələri göstərilir. Bütün bu inkişaf və onunla bağlı olan təhlükəli meyllər hamısı bizə Qərbdən gəlir. Təbii ki, biz bu inkişafdan kənarda qala bilmərik. Nə də təcrid etmək mümkün deyil. Amma bu sahəyə nəzarət artarsa, xüsusi ilə də uşaqların və yeniyetmələrin sosial şəbəkələrdən istifadəsi ilə bağlı müəyyən məhdudiyyətlər qoyulmalıdır.

 

Onu da qeyd edək ki, ailələrdə uşaqlara nəzarətin artırılması da vacibir. Burada təbii ki, valideynlərin üzərinə də məsuliyyət düşür. Əgər uşaq məktəbdə və ya başqa yerdə kiminləsə tanış olub dostluq etdiyini deyirsə, valideyn mütləq bunu araşdırmalıdır ki, həm uşağının gələcəyini qorumuş olsun, həm də onları yad təsirlərdən vaxtında uzaqlaşdıra bilsin.

Yeri gəlmişkən, Azərbaycanda tarixən bu günə qədər bir çox bölgələrdə hələ də istər gənclərin ailə qurması ilə bağlı, istərsə də digər məsələlərdə ailələr həlledici rol oynayıblar. Bu ənənələrin saxlanılması  bəzən mənfi effekt verir. Belə ki, şəhər həyatını görən həmin bölgələrin yeniyetmələri, xüsusi ilə qızlar arasında evdən qaçma halları artır. Odur ki, ekspertlər istər mənəvi, istərsə də milli dəyərlərin qorunmasının ailələrdən başladığını düşünürlər.

 

Sosioloqların müasir dövrdəki vəziyyətlə bağlı ümumi qənaətləri isə budur ki, valideynlər uşaqlarla həm də dostluq etməlidir. Başqa sözlə, valideynlər uşaqları ilə dostluq etməlidir ki, gələcəyimiz aydın olsun.

 

Uşaqlara sərt qadağalar qoymaq əvəzinə, onları düzgün maarifləndirmək və qərar vermə bacarığı aşılamaq daha effektivdir. Valideynlər uşaqlarla açıq və etibarlı ünsiyyət qurmalı, onlara güvənməli, eyni zamanda onların fəaliyyətlərinə maraq göstərməlidirlər. “Sənə güvənirəm, amma narahat oluram, ona görə maraqlanıram” yanaşması bunu uşağın etirazla deyil, anlayışını qarşılamasına kömək edir.

Düzdür, müasir valideynlər üçün texnoloji nəzarət vasitələri mövcuddur. Mobil tətbiqlərlə uşağın yeri izlənilə bilər, sosial media hesablarında müəyyən məhdudiyyətlər tətbiq edilə bilər. Lakin bu vasitələr mütləq şəkildə şəffaf şəkildə və uşağın razılığı ilə həyata keçirilməlidir. Gizli nəzarət etimadı pozar və ailədaxili gərginlik yarada bilər.

Ən güclü nəzarət mexanizmi uşağın daxilində formalaşan mənəvi məsuliyyət hissidir. Bu hiss isə ailədə uşağa kiçik yaşlardan aşılanan dəyərlərlə inkişaf edir: dürüstlük, ədəb, hörmət, məsuliyyət və vicdan. Uşaq valideynin yox, vicdanının nəzarətində olduqda onun davranışı daha sabit və sağlam olur. Bu isə tərbiyənin uğurlu nəticəsidir.

Valideyn nəzarəti uşaq üzərində təzyiq vasitəsi deyil, təhlükəsizlik və istiqamət mənbəyi olmalıdır. Ailə mühiti şəffaf, açıq, qarşılıqlı inam və hörmət üzərində qurulduqda nəzarət artıq yük kimi yox, inkişaf üçün zəruri dəstək kimi qəbul edilir. Bu zaman uşaq özünü sevilən, anlaşılan və yönləndirilən biri kimi hiss edir.

 

Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Azərbaycanda ailə dəyərlərinə qarşı hibrid təhdidlər” layihəsi çərçivəsində hazırlanıb. Əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.