Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin III Şuşa Qlobal Media Forumundakı çıxışı bir neçə istiqamət üzrə həm Azərbaycanın daxili siyasətini, həm də beynəlxalq münasibətlərdə tutduğu mövqeyi ifadə edən mühüm çıxışlarla yadda qaldı. Bu forumun artıq üçüncü dəfə keçirilməsi təkcə media hadisəsi deyil, həm də Azərbaycanın Qarabağ bölgəsində həyata keçirdiyi bərpa və inteqrasiya proseslərinin bir növ beynəlxalq təqdimatıdır. Forumun bu dəfə məhz Xankəndidə, yeni inşa edilən Konqres Mərkəzində təşkil olunması xüsusi bir tarixi missiya daşıyır.
Müzakirə olunan mövzuların coğrafiyası və mahiyyəti göstərir ki, forum qlobal gündəmə cavab verir. Xüsusilə son bir ildə baş verən beynəlxalq proseslər, regiondakı dinamika, dəyişən enerji siyasətləri və iqlim məsələləri kontekstində belə platformaların əhəmiyyəti artır. Prezidentin də qeyd etdiyi kimi, bu forumlar təkcə informasiya mübadiləsi üçün deyil, eyni zamanda, dünyada dəyişən reallıqlara adaptasiya üçün açıq dialoq mərkəzidir.
Cənab İlham Əliyevin çıxışında ən önəmli məqamlardan biri Azərbaycanın COP29-a ev sahibliyi etməsi və bu konfransda əldə edilən nəticələrlə bağlı idi. Azərbaycanın bu tədbirdə yalnız təşkilatçı rolunu oynamaması, əksinə, konkret təşəbbüslərlə çıxış etməsi ölkənin beynəlxalq nüfuzunun artmasının göstəricisidir. Prezidentimiz açıq şəkildə bildirdi ki, Azərbaycan qlobal iqlim çağırışlarına qarşı ciddi və real addımlar atır. Günəş və külək enerjisinə keçid, Qarabağda və Şərqi Zəngəzurda su elektrik stansiyalarının istifadəyə verilməsi, investisiya müqavilələri ilə planlaşdırılan 6 giqavatlıq yaşıl enerji hədəfi Azərbaycanın bu sahədə konkret strategiyaya malik olduğunu göstərir.
Diqqətçəkən məqamlardan biri də Azərbaycanın regiondakı yeni nəqliyyat dəhlizləri üzərində apardığı siyasət idi. Prezidentin Zəngəzur dəhlizi ilə bağlı dedikləri göstərir ki, bu layihə təkcə Azərbaycanın Naxçıvanla birləşdirilməsi deyil, eyni zamanda, Avrasiya üçün alternativ marşrutların qurulması məqsədi daşıyır. Ermənistanın bu prosesi bilərəkdən ləngitməsi isə onun üçün uzunmüddətli iqtisadi və siyasi təcrid deməkdir.
Cənab prezidentimiz eyni zamanda, çıxışında humanitar və mədəni aspektlərə də toxundu. Qeyd etmişdir ki, Özbəkistanın Füzulidə məktəb tikməsi və bunun artıq real istifadəyə verilməsi həm qardaşlıq jestidir, həm də Qarabağda həyatın bərpa olunmasının göstəricisidir. Azərbaycan bu cür beynəlxalq tərəfdaşlıqları məhz real layihələrlə dəyərə çevirə bilir.
Nəhayət, çıxışın ən emosional hissəsi Prezidentin atasının vəsiyyətini yerinə yetirməsi ilə bağlı dediyi sözlər idi. Burada bir xalqın haqq işinin təntənəsi vardı. Ədalətin bərpası, qayıdışın təmin olunması, dağıdılmış torpaqlarda yeni həyatın qurulması – bütün bunlar Azərbaycanın haqq savaşında qurduğu yeni reallığın əsas sütunlarıdır.
Prezidentimizin çıxışı açıq, səmimi, müdrik, uzaqgörən və konkret idi. Heç şübhəsiz, bu forum ölkəmizin mətbuat və ümumi tarixində əbədiyaşar bir iz qoyacaq və geniş araşdırma mövzusu kimi parlaq nümunəyə çevriləcək.
Sənan Hüseynov
Nəsimi RİH yanında İctimai Şuranın sədr müavini,
ADNSU IV kurs tələbəsi