Sumqayıtda tikinti aparılan ərazidə bədbəxt hadisə baş verib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə 10-cu mikrorayon ərazisində qeydə alınıb.
Tikinti aparılan zaman orada çalışan fəhlə, 20 yaşlı Ariz Ağayarov baş verən torpaq uçqunu altında qalaraq ölüb.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 10-cu mikrorayonda torpaq uçqununun baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar Nazirliyin Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, torpaq uçqunu baş verib və 1 nəfər köməksiz vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində uçqun altında köməksiz vəziyyətdə qalan 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Heftelik.az-a bildirilib ki, iyulun 22-də Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində tikinti işləri zamanı 2005-ci il təvəllüdlü Ariz Ağayarovun torpaq uçqununun altında qalaraq ölməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.