Qarabağ torpaqları artıq yalnız zəfərlə deyil, eyni zamanda dialoq və əməkdaşlıqla da tanınır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə iyulun 19-da Xankəndidə keçirilmiş “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu təkcə ölkəmiz üçün deyil, həmçinin bütün region üçün mühüm hadisəyə çevrildi. Bu, artıq üçüncü dəfədir ki, belə əhatəli və strateji önəm daşıyan beynəlxalq forum məhz Qarabağda baş tutur. Bu fakt təkcə Azərbaycanın informasiya və media sahəsində beynəlxalq platforma kimi rolunu deyil, həm də azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində atılan mühüm addımları nümayiş etdirir.

Prezident İlham Əliyev forumda çıxışı zamanı qeyd etdi ki, Şuşa Qlobal Media Forumu artıq ənənəvi xarakter alıb və hər il daha da genişlənir. 52 ölkədən 140 qonağın və 80-dən çox media qurumunun nümayəndəsinin iştirakı bu tədbirin qlobal əhəmiyyətini təsdiqləyir. Forumun Xankəndidə-yaxın keçmişdə separatizmin mərkəzi sayılan bir şəhərdə keçirilməsi Azərbaycanın suverenliyinin bərpasını, regional gücünü və daxili sabitliyini açıq şəkildə nümayiş etdirir.

Bununla yanaşı, tədbirin süni intellekt və rəqəmsal keçidlər kimi müasir mövzulara həsr olunması Azərbaycanın informasiya və texnologiyalar sahəsindəki ambisiyalarını göstərir. Cənab Prezidentin dediyi kimi, dünya dəyişir, informasiya müharibələri, media manipulyasiyaları reallığa çevrilir. Bu baxımdan, medianın dayanıqlılığını gücləndirmək və bu sahədə beynəlxalq əməkdaşlığı artırmaq olduqca vacibdir.

III Şuşa Forumunun Xankəndidə keçirilməsi həm də Azərbaycanın milli həmrəyliyinin, dini və mədəni tolerantlığının nümayişinə çevrildi. Tədbir iştirakçıları tərəfindən yenidənqurma işləri, məscidlərin və kilsələrin bərpası, yolların yüksək keyfiyyətdə inşası xüsusi bir rəğbətlə qarşılandı. Bu, Azərbaycan dövlətinin keçmiş münaqişə bölgəsini inkişaf və barış platformasına çevirmək əzmini təsdiqləyir.

Belə mühüm beynəlxalq tədbirin artıq üçüncü dəfədir ki, Qarabağda keçirilməsi təsadüfi deyil. Bu, Azərbaycanın həm diplomatik fəallığının, həm də siyasi müstəqilliyinin göstəricisidir. Qarabağ artıq təkcə zəfərin simvolu deyil-burada aparılan tədbirlər sübut edir ki, bu torpaq indi gələcəyə yönəlmiş ideyaların, beynəlxalq tərəfdaşlığın və intellektual dialoqun mərkəzinə çevrilib. Bu ənənənin davamlı olması isə artıq Azərbaycanın artan nüfuzunun və sabit inkişafının real sübutudur.

Rəvanə Kərimova

Nəsimi Rayon Gənci.