Prezident İlham Əliyev: “Xarici siyasətimizin istiqaməti dəyişməyib, lakin forması dəyişib”
Müasir beynəlxalq münasibətlər sistemində hər bir dövlətin xarici siyasətində əsas məqsəd milli maraqların qorunması və təmin olunmasıdır. Azərbaycan da istisna deyil. Gənc, lakin böyük tarixi irsə malik olan Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra xarici siyasətini məhz milli maraqlar üzərində qurmağa başlamışdır. Azərbaycanın beynəlxalq münasibətlərdə atdığı bütün strateji addımlar, regional və qlobal proseslərə yanaşması bu maraqların qorunması və təmin olunması üzərində qurulub. Bu gün Azərbaycanın xarici siyasətində milli təhlükəsizlik, ərazi bütövlüyü, iqtisadi inkişaf, enerji təhlükəsizliyi və beynəlxalq aləmdə nüfuzun artırılması kimi fundamental məsələlər prioritet təşkil edir.
Milli maraqlar – dövlətin mövcudluğu, təhlükəsizliyi, sosial-iqtisadi inkişafı, mədəni irsinin qorunması və beynəlxalq nüfuzunun yüksəldilməsi üçün zəruri olan əsas məqsəd və vəzifələr toplusudur. Azərbaycanın xarici siyasəti də məhz bu maraqların həyata keçirilməsinə yönəlmişdir. Bu siyasətin uğurlu icrası ölkənin milli təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, onun beynəlxalq sistemdə layiqli yer tutmasına da şərait yaradır. Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda çıxışında deyib ki, milli maraqların qorunması Azərbaycanın xarici siyasətində fundamental amildir: “Əlbəttə ki, hər kəs üçün vacibdir: öz maraqlarını nəzərə alanda qonşunun da maraqlarına baxmaq. Yəni, milli maraqların qorunması Azərbaycanın xarici siyasətində fundamental amildir, lakin regional və qlobal kontekstdən ayrılaraq bu amildən güclü sui-istifadə etmək olmaz. Həmişə vəziyyətə baxmaq lazımdır, vəziyyətə qonşunun prizmasından baxmağa çalışın. Onda çox şey aydınlaşır, belə olan halda anlaşılmazlığa səbəb olan bir çox məsələlər kifayət qədər səmərəli nizamlanır.
Mən Trampın qələbəsini proqnozlaşdırmırdım. Sadəcə dedim; onun bizim kimi fundamental dəyərləri, o cümlədən ailə dəyərlərini bölüşdüyünü nəzərə alsaq, Azərbaycan xalqı üçün daha yaxşı olardı. O, müharibələrə başlamamış yeganə ABŞ Prezidentidir. Həm də hakimiyyətdə olduğu qısa müddətdə müharibələrə son qoyan bir adam olduğu aydın görünür. Biz, həmçinin Azərbaycana və Ermənistana son nəticədə razılığa gəlməyə kömək etmək səylərinə görə ona çox minnətdarıq. O, beynəlxalq təhlükəsizik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də diqqət mərkəzində saxlayır. Əlbəttə, onun qələbəsi bir sıra səbəblərdən Azərbaycanda bizi çox sevindirir. Təbii olaraq, arzulayırıq ki, o, işini sona çatdırsın, “Vaşinqton bataqlığı”nı dibinə qədər qurutsun”.
Azərbaycanın xarici siyasətində uzun illər ərzində başlıca vəzifə işğal olunmuş torpaqların azad olunması və ərazi bütövlüyünün bərpası olmuşdur. Ermənistanın təcavüzkar siyasəti nəticəsində 30 ilə yaxın bir müddətdə Azərbaycan torpaqları işğal altında qalmış, bu isə ölkənin əsas milli maraqlarına ciddi təhdid yaratmışdır. 2020-ci ilin Vətən Müharibəsində qazanılan Qələbə nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu və bu, xarici siyasət strategiyasının nə dərəcədə milli maraqlara uyğun qurulduğunun bariz nümunəsinə çevrildi. Azərbaycanın zəngin enerji ehtiyatları onun xarici siyasətində mühüm alətə çevrilmişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və TAP kimi beynəlxalq enerji layihələri Azərbaycanın milli maraqlarına xidmət etməklə yanaşı, ölkəni Avrasiyanın mühüm enerji mərkəzlərindən birinə çevirmişdir. Enerji siyasəti vasitəsilə Azərbaycan həm regional, həm də qlobal miqyasda strateji tərəfdaşlıq əlaqələri qurmuş, iqtisadi və siyasi müstəqilliyini daha da möhkəmləndirmişdir.
Azərbaycanın xarici siyasətində regional əməkdaşlıq xüsusi yer tutur. Ölkə həm Qafqazda, həm də daha geniş coğrafiyada sülh və təhlükəsizliyin təmin olunmasına çalışır. Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq və regional qurumlarla aktiv əməkdaşlıq milli maraqların diplomatik yollarla qorunmasına imkan verir. Eyni zamanda, Azərbaycan regionda yeni nəqliyyat dəhlizlərinin yaradılması (Zəngəzur dəhlizi, Orta Dəhliz və s.) ilə iqtisadi maraqlarını reallaşdırmaqla yanaşı, strateji mövqeyini də möhkəmləndirir. Cənab Prezidentin dediyi kimi, Azərbaycanın xarici siyasətinin istiqaməti dəyişməyib, lakin forması dəyişib: “Səbəb ondadır ki, Qarabağ münaqişəsi tarixdə qaldıqdan sonra bizim işğal zamanı etmədiyimiz məsələlərə indi daha çox vaxtımız var. Bir halda ki, münaqişə həll olunub, vaxt qalır. Bununla belə, bütün sonsuz danışıqlar, Minsk qrupu üçlüyünün bütün mənasız səfərləri çox vaxt aparırdı. O zaman vaxtımız qalmırdı və digər məsələni həll etmək potensialımız olsa da, onunla məşğul olmurduq. Bütün xarici siyasətimiz təbii olaraq ərazi bütövlüyümüzün bərpasına yönəlirdi. İndi məsələ həll olunduqdan sonra biz beynəlxalq arenada daha fəalıq və qeyd etdiyiniz kimi, müxtəlif ölkələr arasında vasitəçilik səylərimiz bunun yalnız bir hissəsidir. Biz beynəlxalq ictimaiyyətin həqiqətən fəal üzvünə çevrilmişik. Fərqli beynəlxalq iştirakçılarla güclü əlaqələrə malik olan ölkəmiz ən azı geniş regionda daha mühüm rol oynaya bilər və oynayacaq. Geniş region dedikdə, mən Cənubi Qafqazı, Orta Şərqi, Mərkəzi Asiyanı və Azərbaycanın yaxınlığında olan bütün yerləri nəzərdə tuturam. Həmçinin Avropa da ola bilər, çünki Avropa İttifaqı ilə gündəliyimiz deyərdim ki, yenidən başlama prosesindədir. Həmçinin əvvəlki Avropa Komissiyası ilə çətin anlar olub, lakin indiki yeni Komissiyadan, onun rəhbərliyindən müsbət mesajlar alırıq. Birmənalı olaraq, biz də müsbət cavab veririk”. Azərbaycan beynəlxalq səviyyədə balanslı və prinsipial xarici siyasət yürüdərək öz milli maraqlarını sülhsevər və hüquqa əsaslanan yanaşmalarla müdafiə edir. Humanitar diplomatiya, mədəniyyətlərarası dialoqun təşviqi, idman və mədəniyyət tədbirlərinə ev sahibliyi (məsələn, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, COP29 və s.) Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla milli maraqlara xidmət edən vacib istiqamətlərdəndir.
Milli maraqların qorunması Azərbaycanın xarici siyasətində yalnız bir istiqamət deyil, ümumi strategiyanın təməlidir. Bu siyasət xalqın rifahına, dövlətin suverenliyinin və təhlükəsizliyinin qorunmasına, beynəlxalq nüfuzun artırılmasına yönəlmişdir. Gələcəkdə də Azərbaycanın xarici siyasətinin uğuru, məhz milli maraqlara sadiqlik və onların qorunması istiqamətində davamlı fəaliyyətlə ölçüləcəkdir.
Səyavuş Qasımov
Avrasiya Universitetinin rektoru,
siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent