Şabranda avtomobilin yaşayış evinin darvazasına çırpılması nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Şabran şəhər sakini, 2001-ci il təvəllüdlü Ramazan Süleymanovun idarə etdiyi “Daewoo Gentra” markalı avtomobil Şabran şəhəri Heydər Əliyev prospektində yerləşən yaşayış evinin darvazasına çırpılıb.
Nəticədə sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər, 2005-ci il təvəllüdlü Kamal Əhmədov və 2001-ci il təvəllüdlü Ümid Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Şabran RPŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Fövqəladə Hallar Nazirliyindən Heftelik.az-a bildirilib ki, “112” qaynar telefon xəttinə Şabran şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Qəza yerinə Nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Daewoo” markalı minik avtomobili yol kənarındakı beton maneəyə çırpılıb, 1 nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsindən 1 nəfər çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.