Kamboca ordusu Tailandla sərhəddə iki məbədi ələ keçirib.

Heftelik.az  xəbər verir ki, bu barədə Kamboca Müdafiə Nazirliyi məlumat yayıb.

“Tailandla şiddətli döyüşlərdə ordumuz ölkəmizin suveren ərazisi olan Ta Krabey və Ta Moan Tom məbədlərini, eləcə də Mom Bei bölgəsini ələ keçirib”, – Müdafiə Nazirliyindən bildirilib.

Nazirlik Tailand ordusunu qəsdən mülki insanların yaşadığı yerlərə atəş açmaqda da ittiham edib.

Kamboca tərəfinin itkiləri ilə bağlı məlumat verilməyib.

Tailand Səhiyyə Nazirliyi isə 12 tailandlının öldüyünü və 31 nəfərin yaralandığını xəbər verib.

İki ölkə bir-birini ilk atəş açmaqda günahlandırır və qarşı tərəfin sərhəd zonasında yerləşən hərbi obyektlərinə zərbələr endirir.

***
saat 13.32
Tailand və Kamboca arasında silahlı toqquşmalar başlayıb.
Heftelik.az-ın Reuters-ə istinadən verdiyi məlumata görə,  Tailand Kamboca ilə baş verən silahlı toqquşmalar fonunda bu ölkə ilə sərhəddə yerləşən bütün keçid məntəqələrini bağlayıb.
Tailandın kontr-admiralı Surasant Konqsiri bildirib ki, iyulun 24-də Kamboca Tailand istiqamətinə pilotsuz uçuş aparatları göndərib. Onun sözlərinə görə, qarşı tərəf Tailand hərbçilərinə reaktiv qumbaralarla hücum edib. Hadisədən sonra Tailand cavab tədbirləri görmək məcburiyyətində qalıb. Hazırda altı və ya daha çox sərhəd bölgəsində döyüş əməliyyatları davam edir.
Tailand Kamboca ilə sərhədə altı “F-16” qırıcısı göndərib və ölkədəki iki hərbi obyektə zərbələr endirib. Hərbi tokkuşmalar nəticəsində bir neçə nəfər həlak olub.
“Khmer Times” qəzetinin məlumatına görə, Kamboca Silahlı Qüvvələri “özünümüdafiə çərçivəsində” Tailand ordusuna qarşı cavab hücumu həyata keçirib. Əsas toqquşmalar bu gün səhər saatlarında Oddar-Meanchey vilayətində yerləşən mübahisəli sərhəd bölgəsi yaxınlığında başlayıb.
Baş verənlər fonunda Kamboca Senatının sədri bəyanatla çıxış edərək əhalini “təşvişə düşməməyə, düyü ehtiyatı toplamamağa və zəruri ehtiyac mallarının qiymətlərini qaldırmamağa” çağırıb.
“The Nation” yazır ki, Tailandın Kamboca ilə sərhəddə yerləşən dörd vilayətində əhali təxliyə olunur.
Eyni zamanda, Tailand Kamboca ilə sərhəddə nəzarəti gücləndirib. Buna cavab olaraq, Pnompen elektrik enerjisi və yanacaq tədarükünü, eləcə də internetə çıxışı məhdudlaşdırıb.
“Pattaya Now” yazır ki, bu addımlar hər iki ölkənin iqtisadiyyatına ciddi təsir göstərə bilər.

Qeyd edək ki, münaqişə onilliklərdir, davam etsə də, son həftələr yeni eskalasiya mərhələsinə qədəm qoyub.

Belə ki, iyulun 23-də Tailand Kambocadakı səfirini geri çağırıb, eyni zamanda Kamboca diplomatlarını ölkədən çıxarıb. Narazılığın səbəbi isə bir neçə gün əvvəl baş vermiş mina partlaması nəticəsində Tailand əsgərinin ayağını itirməsidir.

Tailand Kambocanı sərhəd bölgəsinə yeni minalar basdırmaqda ittiham edir. Kamboca isə bunu inkar edərək, bildirir ki, uzun sürən vətəndaş müharibələrindən sonra onların ərazilərində hələ də milyonlarla mina qalır.

Tailand-Kamboca münaqişəsi 9-11-ci əsrlərdə tikilmiş Prea Vixear məbədi və ətraf ərazilərə görə yaranıb. Bu ərazidə heç vaxt dəqiq sərhəd xətti olmayıb.

1962-ci ildə Beynəlxalq məhkəmə məbədin Kambocanın ərazisinə aid olması barədə qərar çıxarıb, lakin ətraf ərazilərin statusunu müəyyən etməyib.